Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllimi, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın müşayiəti ilə BXA-nın tam orta məktəbinin IX sinif şagirdləri Liana Bernadina və Leyla Dəmirova 11-14 fevral tarixində Sankt-Peterburq şəhərində məşhur rus balerinası Anna Pavlovanın 140 illiyinə həsr olunmuş “Klassik və müasir rəqs ifaçılarının beynəlxalq konsert-müsabiqəsi”ndə iştirak ediblər.
Peterhof Yay Sarayında keçirilən müsabiqədə Liana Bernadina “Armida pavilyonu” və “Əbəs yerə ehtiyatlılıq”, Leyla Dəmirova isə “Yatmış gözəl” baletindən Yasəmən pərisi, “Paxita” baletindən variasiyaları ifa ediblər.
Leyla Dəmirova möhtəşəm çıxışına görə 107 ifaçı arasında I dərəcəli laureat, Liana Bernadina isə II dərəcəli laureat adına layiq görülüb.
Müsabiqə Anna Pavlovanın yubileyinə həsr edildiyindən mükafatlandırma balerinanın ev-muzeyində keçirilib.
Qeyd edək ki, müsabiqədə 107 ifaçı ümumilikdə 215 rəqs ifası ilə çıxış edib. Müsabiqənin missiyası klassik baletin ən yaxşı ənənələrini qoruyub saxlamaq, tələbələrin qabiliyyətlərini və ifaçılıq bacarıqlarını inkişaf etdirmək, onların yaradıcılıq potensialının reallaşdırılması üçün əlverişli şərait yaratmaq, istedadlı rəqqasları üzə çıxarmaq və dəstəkləmək, sənət əlaqələri yaratmaqdır.