Rusiyalı həmkarlarla müştərək film layihələri istiqamətində danışıqlar aparılıb
Moskvadakı “İllüzion” kinoteatrında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə layihə əsasında gerçəkləşən Azərbaycan kinosunun retrospektiv nümayişi başa çatıb.
7-15 fevral tarixində təqdim olunan proqram Azərbaycan kinosunun ötən əsrin 30-cu illərindən 2021-ci ilədək – müxtəlif dövrlərdə çəkilmiş filmlər – ümumilikdə 19 ekran əsərindən ibarət idi. Layihənin kuratorları Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov və “İllüzion” kinoteatrının art-direktoru Aleksandra Lavrovadır.
Xəbər verdiyimiz kimi, retrospektiv nümayiş C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru, rejissor Fariz Əhmədovun “Sonuncu” (2021) sənədli filmi ilə açılıb. Rusiya paytaxtında Azərbaycan kinosu günlərinin iştirakçısı olan Fariz Əhmədov AZƏRTAC-a müsahibəsində təəssüratını bölüşüb, eləcə də milli kinomuzun qarşısında duran vəzifələrdən, görülən işlərdən və mövcud problemlərdən danışıb.
Moskvada ilk dəfə Azərbaycan kinosunun belə geniş həcmdə retrospektiv nümayişinin ümumilikdə mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu vurğulayan rejissor “İstər Moskva sakinlərinin, istərsə də rusiyalı kinematoqrafçıların Azərbaycan kino günlərinə marağı, əlbəttə, bizi sevindirməyə bilməz” deyə əlavə edib.
“Azərbaycanfilm”in direktoru qeyd edib ki, bu layihə Rusiya ilə kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi yönündə də mühüm zəmin olacaq. “Azərbaycan kinosu. Retrospektiv” proqramında iştirak etmək üçün Mədəniyyət Nazirliyinin şöbə müdiri Rüfət Həsənovun rəhbərliyi ilə Moskva şəhərinə ezam olunan nümayəndə heyəti müxtəlif dövlət və özəl kino şirkətləri, yayım və distribusiya şirkətləri ilə görüşlər keçirib. Bu görüşlər zamanı iki ölkə arasında kino sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib, müştərək film layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılıb. “Mühüm görüşlərdən biri də Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VGİK) rəhbərliyi ilə oldu. Kino təhsili ilə bağlı ilkin müzakirələr və fikir mübadiləsi aparıldı. Düşünürəm ki, yaxın müddətə bu danışıqların real nəticələrini görə biləcəyik...”, – deyə Fariz Əhmədov bildirib.