Litvalı jurnalist Vətən müharibəsi haqqında sənədli film çəkir

 

Litvalı hərbi jurnalist, rejissor Riçard Lapaitis 44 günlük Vətən müharibəsinə həsr olunan sənədli film üzərində işləyir. Bu günlərdə sosial şəbəkə üzərindən onunla əlaqə saxlayıb işlərin gedişi barədə məlumat aldıq.

R.Lapaitis bildirdi ki, filmin ideya müəllifi özü olsa da, rejissorluğunu etməyəcək: “Bütün hazırlıq mərhələləri, ideya və fikir mənə məxsus olsa da, çox zaman erməni diasporu və bir sıra təşkilatlar məni birtərəfli mövqedə ittiham etdikləri üçün bu dəfə kənardan işləməyi daha uyğun hesab etdim. Hələlik şərti adı “Xarıbülbül” olan filmin bir neçə qəhrəmanını 2-3 ay axtarmalı oldum. Daha sonra işimizin nədən ibarət olduğunu tam biləndən, mənim işə ciddi yanaşdığımı görəndən sonra yardımçı olmağa başladılar. Hazırda filmin komandası yığılıb və biz çəkilişləri reallaşdırırıq. Filmin çəkilişləri ilə bağlı Kəlbəcər, Qubadlı və Laçına bir daha səfər etməyimiz lazımdır. Onu da qeyd edim ki, mənimlə birgə çalışan komanda ilə səkkiz aydır bu yolda, necə deyərlər, külüng vururuq. İki aya işimizi tamamlayacağıq...”.

Çəkiliş prosesinin çətinlikləri barədə danışan R.Lapaitis dedi: “Bəzən həmin ərazilərdə gecələməli oluruq. Bu da çox təhlükəlidir. Bilirsiniz ki, ərazilər hələ minalardan tam təmizlənməyib”.

Onu da öyrəndik ki, ekran işi ərazilərimiz Ermənistan tərəfindən işğal altında saxlanıldığı otuz ilə yaxın müddətdə mədəni irsimizə qarşı həyata keçirilən vandalizm siyasəti ilə yanaşı, insan talelərinə də işıq salacaq.

Qeyd edək ki, Riçard Lapaitis litvalı rejissor Andreas Brokasın Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” (2014) sənədli filmindən bizə tanışdır. Film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində çəkilib. Ekran işi Xocalı dəhşətlərinin şahidi olan jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri əsasında qurulub. O vaxt jurnalist belə demişdi: “Niyə elə hey Xocalıdan danışıram? Susmaq cinayətkarlarla əlbir olmaqdır!”.

Yeni filmlə bağlı musiqişünas, professor Zümrüd Dadaşzadə sosial şəbəkə səhifəsində paylaşım edib: “Azərbaycanın ən ağır günlərində yanımızda olan Riçard Lapaitis. Onun “Sonsuz dəhliz” filmi silah oldu əlimizdə – o zaman ki heç kəs bizi eşitmək istəmirdi. Riqada iki dəfə mərkəzi meydanlarda nümayiş etdirdik. Bir dəfə də “European House”da. Ondan sonra bilən bilir nə qədər hədələyici məktublar yazıldı səfirliyimizin ünvanına. İndi isə Riçard yeni film üzərində çalışır. Çox böyük intizarla gözləyirik. Xocalı faciəsindən düz 30 il keçir...”.

L.Azəri