Türk dünyasının aydınlarından biri, çağdaş qazax dilçiliyinin banisi, filoloq, pedaqoq Əhməd Baytursunov (Baytursunulı; 1872-1937) anadan olmasının 150 illiyi çərçivəsində  Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Ankaradakı qərargahında anılıb.

TÜRKSOY, Qazaxıstanın Türkiyədəki Səfirliyi və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə “Qazax dilinin dönüş nöqtəsi: Əhməd Baytursunulının anadan olmasının 150 illiyi münasibətilə bilik bayramı” adlı beynəlxalq konfrans keçirilib.

Açılış nitqi ilə çıxış edən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov XX  əsrin əvvəllərində Qazaxıstanda milli azadlıq hərəkatının liderlərindən biri olmuş, qazax dilçisi, ədəbiyyatşünas, tərcüməçi, Alaş Orda hökumətinin üzvü Əhməd Baytursunulını bu konfransla yad etməkdən məmnunluğunu bildirib: “Türk dünyasının ziyalısı olan Baytursunulı öz yaradıcılığı ilə təkcə qazax dilinə deyil, digər türk dillərinə də mühüm töhfələr vermişdir...”. Baş katib qeyd edib ki, Əhməd Baytursunulı 1910-cu ildə ərəb əlifbasını qazax dilinə uyğunlaşdırıb, 1912-cu ildə qazax uşaqları üçün ilk “Əlifba” kitabını yazıb.

Qazaxların milli maarifçilik və oyanış hərəkatı olan Alaş Hərəkatının XX  əsrin əvvəllərində Türk dünyasının hər tərəfində baş verən azadlıq və istiqlal mücadiləsinin bir parçası olduğunu deyən Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı vurğulayıb ki, Əhməd Baytursunulı bu hərəkatın mənəvi liderlərindən biri olub. Səfir həmçinin bir maarifpərvər olan və “ustaz” (müəllim) adı ilə tanınan Baytursunulının qazax dilinin dərinliklərinə vararaq ərəb əlifbasının qrammatikasına uyğun tərtib etdiyi qaydalardan ibarət əsərlərinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Türk Dil Qurumunun başqanı Gürer Gülsevin isə Baytursunulının tədqiqatlarının türk dilinin inkişafı və tədrisinə töhfələr verdiyini, onun sovet dövründə türk xalqlarının dilçiləri üçün mühüm mənbə olduğunu bildirib.

Sonra yazıçı Serikbay Ospanovun TÜRKSOY-un dəstəyi ilə qazax dilində yeni nəşr olunmuş “Ult ustazı” (millət müəllimi) kitabının təqdimat lenti kəsilib. Türk dünyasından olan elm adamlarının Əhməd Baytursunulının həyatı, yaradıcılığı, qazax dili və ədəbiyyatına verdiyi töhfələr mövzusunda elmi məruzələri dinlənilib.

Konfransda Azərbaycanı təmsil edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, dosent Elçin İbrahimov “Qazax milli düşüncəsinin formalaşmasında Əhməd Baytursunoğlunun rolu” mövzusunda məruzə ilə çıxış edib. O, görkəmli elm fədaisinin qazax milli kimliyinin formalaşmasında, qazax dilinin inkişafında, çar və sovet Rusiyası dövründə Qazaxıstanda maarifçilik hərəkatının təşəkkülündə və genişlənməsində misilsiz rol oynadığını vurğulayıb.

Tədbir qazaxıstanlı musiqiçi Asem Erejekızının qazax milli aləti – dombrada ifa etdiyi konsert proqramı ilə başa çatıb.

Konfransa qatılan alimlərə TÜRKSOY-un xatirə hədiyyələri, mükafatlar təqdim edilib. Elçin İbrahimov TÜRKSOY tərəfindən türkologiya və Türk dünyası sahəsində apardığı araşdırmalara görə sertifikat və “Dyula Nemet 130” medalı ilə təltif olunub.

Mehparə Sultanova
Ankara