Kino peşəkarlarının və kinosevərlərin maraqla izlədiyi peşəkar nəşrlərdən olan “Fokus” analitik kino jurnalı 10-cu nömrəsi ilə onların görüşünə gəlib. Gənc Film İstehsalçıları Assosiasiyasının nəşri olan “Fokus” Qafqazda çap formatında çap edilən yeganə analitik kino dərgisidir.
Jurnalın 10-cu nömrəsinin nəşri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilib. Müvafiq müqaviləyə əsasən, nazirlik jurnalın növbəti 4 nömrəsinin nəşrini maliyyələşdirəcək. Eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqı da jurnalın nəşrinə maliyyə və təşkilatı dəstək verib.
Nəşrin redaktoru Əli İsa Cabbarovun ön sözdə qeyd etdiyi kimi, jurnalın bu sayı “Kinomuz haradadır və hara gedir?” suallarına cavab tapmaqdır. Bu səbəbdən dramaturq Cəfər Cabbarlının “Litеraturnaya qazеta”nın 1930-cu il 20 iyun tarixli 30(67)-cu nömrəsində çap olunan “Hara gedir Azərkino” adlı məqaləsi jurnalın ilk məqaləsi kimi seçilib. Kinorejissorlar Elvin Adıgözəl, Hilal Baydarov və Rüfət Həsənov nömrənin qəhrəmanlarıdır. Bununla yanaşı, Rüstəm İbrahimbəyov və məşhur ssenari təlimçisi Kristofer Voqlerin məqalələri, kinooperator Orxan Abbasov, kinorejissorlar Teymur Daimi və Teymur Hacıyevlə müsahibələr də nəşrdə yer alıb.