Xor dirijoru Elnarə Kərimovanın yaradıcılıq fəaliyyətinə həsr olunmuş konsert proqramı

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə ötən ildən gerçəkləşdirilən və böyük maraqla qarşılanan “Mədəni yenilənmə” layihəsi bu il də davam etdirilir.

Yeni ildə layihənin yeni qonağı TRT-nin (Türkiyə Radio və Televiziya Qurumu) Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru, Azərbaycanın Xalq artisti Elnarə Kərimovadır. O, 1992-ci ildən qardaş Türkiyədə yaradıcı fəaliyyətlə məşğuldur. TRT Çoxsəsli xoruna rəhbərlik etməklə yanaşı, “Orfeon” kamera xoru ilə işləyib, TÜRKSOY-un nəzdində yaradılan xor kollektivinin rəhbəri olub, bu kollektivlərlə müxtəlif ölkələrdə qastrollarda, festivallarda çıxış edib.

Fevralın 15-də layihə çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illik yubileyi münasibətilə konsert proqramı təqdim edildi.

Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdi.

Konsertdə dirijorun rəhbərliyi ilə TRT Ankara Radiosu xoru bəstəkarların xor əsərlərini və xalq mahnılarını ifa etdi.

İlk olaraq Asəf Zeynallının “Ölkəm” romansı ifa edildi. Sonra C.Rossininin “Sevilya bərbəri” operasından uvertüra səsləndirildi.

Xorun üzvləri – solistlər Özlem Üngör və Çinar Onur Öner “Gəmilər Giresuna” və “Mən gedərəm Batuma, hey!” mahnılarını böyük coşqu ilə ifa etdilər.

Daha sonra Aşıq Veysəlin “Qara torpaq” (solistlər Cem Buğdaycı, Melek Önbaş), qazax xalq mahnısı “Dağ içində”, Azərbaycan xalq mahnıları “Dağlarda çiçək”, “Nə baxırsan” (nağara Murad Nağızadə, xanəndə Elsevər Muradov), həmçinin “Bir budaqda iki alma”, “Suda balıq oynayır” və “Niksarın fidanları” türk mahnıları gecənin musiqi palitrasına əlavə rəng qatdı.

Proqramın musiqili qonaqları – TÜRKSOY Gənclik xoru, “Buta” kamera xoru və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor – Xalq artisti Gülbacı İmanova) da TRT Ankara Radiosu xoru ilə birlikdə gecənin iştirakçılarına xoş təəssürat yaşatdılar.

Konsert proqramına dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Zəfər marşı”nın (söz – Barış Cavid Mövsümlü, solist – xorun üzvü Çinar Onur Öner, piano – Elxan  Niftiyev) ifası ilə yekun vuruldu. “Zəfər marşı”nın səslənməsi  musiqisevərlərin gur alqışları ilə qarşılandı.

Qeyd edək ki, bu əsər orijinalda “Dəniz neftçilərinin mahnısı” adlanırdı. Elnarə Kərimovanın təşəbbüsü və Qara Qarayevin oğlu Fərəc Qarayevin razılığı ilə əsərin rus dilində olan sözləri Azərbaycan dilinə tərcümə edilib və Qarabağ Zəfərimizə həsr olunub.

Xatırladaq ki, 2021-ci ilin oktyabrından həyata keçirilən “Mədəni yenilənmə” layihəsinin məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan cəmiyyətini tanış etmək, onlarla davamlı təmaslar yaratmaqdır.

Fevralın 17-də YARAT Müasir İncəsənət Məkanında “Mədəni yenilənmə” layihəsi çərçivəsində Elnarə Kərimovanın Azərbaycanın xor kollektivləri üçün xor ifaçılığı üzrə ustad dərsi keçirilib.

Nurəddin