Fevralın 17-də Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin 2022-2023-cü musiqi mövsümü üçün ilk konserti təqdim edildi.
Konsertdə BMM-in solistləri Mirələm Mirələmov və Nisbət Sədrayeva “Rast” və “Səmayi-şəms” muğamlarını təqdim etdilər. Xanəndələri mərkəzin solistləri Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Rəfael Əsgərov (balaban), Vasif Yusifli (ud) və Amil Mustafayev (nağara) müşayiət edirdi.
Yeni musiqi mövsümündə BMM-in səhnəsində “Şur”, “Zabul segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Humayun”, “Şüştər”, “Şahnaz”, “Orta Mahur”, “Arazbarı”, “Osmani”, “Heydəri”, “Bayatı-Qacar”, “Mahur-hindi”, “Qarabağ şikəstəsi”, “Xaric segah”, “Heyratı”, “Mirzəhüseyn segahı”, “Kəsmə şikəstə”, “Bayatı-kürd”, “Ovşarı”, “Dəşti”, “Qatar”, “Rahab”, “Şirvan şikəstəsi” təqdim olunacaq.
Xatırladaq ki, “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilir. Muğam sənətimizi gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan konsertlərə tamaşaçılar böyük maraq göstərirlər.
Lalə Azəri