Müsahibimiz tanınmış şair, Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Sabir Sarvandır.
      
   Sabir Sarvan 1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. Yeniyetmə vaxtından ədəbiyyata, yaradıcılığa meyli olub. 1970-ci ildə Ağsu rayonunda çıxan “Birlik“ qəzetində ilk şeiri işıq üzü görüb.
   1977-ci ildə Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-1980-ci illərdə Lənkəran Dövlət Dram Teatrında, 1981-1987-ci illərdə Bakıda Tədris Teatrının aktyoru olub. 1988-1993-cü illərdə mətbuatda fəaliyyət göstərib, “Gənclik” jurnalında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb.
   1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədridir.
   “Gördüyüm göy üzü, baxdığım işıq”, “Çıx qaranlıqdan”, “Gəldi qürub”, “Özümü sözə çevirdim” adlı şeir kitablarının müəllifidir.
      
   - Hansı daha asandır - şair olmaq, yoxsa Yazıçılar Birliyinin Sumqayıt bölməsinə rəhbərlik etmək?
   - Şairlik, yaradıcılıq çətin işdir. Özü də bu iş səndən, əhvalından, sosial vəziyyətindən asılı deyil. Bilmirsən ilhamın nə vaxt gələcək və sən yazacaqsan. Heç kim deyə bilməz ki, sabah bir şeir yazacağam, şedevr əsər yaradacağam və ümumiyyətlə yaza biləcəyəmmi? Bölmə sədri olmaq isə birbaşa səndən asılıdır, məsələn, sənin bacarığından, təşkilatçılığından və s. Bir dəfə Almaniyanın Ludviqshafen (Sumqayıtla qardaşlaşmış şəhər - red.) şəhərində maraqlı bir tədbirdə iştirak edirdim. Mənim Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri olduğumu biləndə çox maraqlı, həm də alman dəqiqliyi ilə bir sual verdilər: “Deməli, siz yaradıcı adam deyilsiniz, təşkilatçısınız?”. Onlar təşkilatçılığı və yazıçılığı bir arada görmürlər və əslində düz də edirlər. Təşkilatçılıq prosesləri səni yaradıcılıq üçün mühüm olan tənhalıqdan məhrum edir. Bizim işimiz budur - hər gün bölməyə gələn yazarlarla görüşməlisən, təqdim olunan yazıları oxuyub rəy bildirməlisən, tədbirlər keçirməlisən və bütün bunlara rəğmən işsiz yazarlara baxıb işin olduğu üçün şükür etməlisən.
   
   - Eşitdiyimizə görə, bu günlərdə Yazıçılar Birliyinin Sumqayıt bölməsinin 14 yaşı tamam olur. Bölmə necə yarandı, ilk dövrdə fəaliyyətiniz necə oldu?
   - Əli Kərim adına Poeziya Klubunun rəhbəri İbrahim İlyaslı ilə birlikdə Yazıçılar Birliyinin rəhbərliyinə müraciət etdik. Əvvəlcə Sumqayıtın paytaxta yaxın olmasını səbəb göstərərək burada bölmənin yaradılmasına lüzum görmədilər. Amma şəhərin günü-gündən böyüməsini və əhalinin artmasını nəzərə alaraq bölmənin yaradılmasını məqsədəuyğun saydılar. Beləliklə, 1996-cı il dekabrın 21-də birliyin Sumqayıt bölməsi təsis olundu. Sonra belə məlum oldu ki, uzun illər öncə, 1956-cı ildə Sumqayıtda bu bölməni yaratmaq istəyiblər, amma alınmayıb.
   
   - Bölmə sədri kimi yazanların və ümumiyyətlə, AYB-nin üzvlərinin sayının çoxluğundan şikayətçi deyilsiniz ki?
   - Mən bircə iddiaların həddini aşmasının əleyhinəyəm. Bəzən sıradan bir yazarın az qala dahi yazıçının yubileyi səviyyəsində özünə tədbir keçirmək tələbini anlaya bilmirəm. Yazmaqda “mən” deməyin bircə yolu var ki, onu da insan artıq yazısında deyir. Amma yazısında kim olduğunu deyə bilməyənlər sonda gəlib mükafatların verilməsini, yubileylərin keçirilməsini və s. iddialarla çıxış edirlər. Bu kimi iddialar artanda ədəbiyyat üçün faydalı olacaq işlərin görülməsinə maneələr yaranır.
   
   - Bu illər ərzində bölmə olaraq nələri etməyə müvəffəq olmusunuz?
   - Ötən dövrdə bir sıra nəşrləri, ədəbi əsərlər toplusunu ərsəyə gətirmişik. “Vətən deyən şeirlər”, “Vətənim, anam, dilim” almanaxları, “Zərif” qadın ədəbi məclis üzvlərinin əsərlərindən ibarət “Bənövşə pıçıltısı” və “Bizdən sizə qalan sözdü” adlı topluları, AYB-nin Sumaqyıtda yaşayan üzvlərinin tərcümələrindən ibarət “Dünya Sumqayıtdan keçir” adlı almanax, dünyasını dəyişmiş sumqayıtlı yazarların əsərlərindən ibarət “Dinmə ey kədər” adlı almanax, ayrı-ayrı, yazarlarımızın kitabları nəşr olunub, təqdimatları keçirilib.
   Eyni zamanda şəhərin müxtəlif təşkilatları ilə birgə layihələrimiz olur. Sumqayıt şəhər Təhsil Şöbəsi ilə birlikdə 2000-ci ildən başlayaraq hər il şəhər məktəblilərinin şeirlərindən ibarət “Qanadlandıq uçmağa” adlı almanax hazırlayırıq. Gənclər və İdman İdarəsi ilə birlikdə bir neçə kitab nəşr olunub.
   
   - Birliyin nəzdində fəaliyyət göstərən ədəbi birliklər barədə nə deyə bilərsiniz.
   - Bölmədə üç ədəbi birlik fəaliyyət göstərir. “Zərif” - qadınlardan ibarət bir ədəbi birlikdir. “Turan” ədəbi birliyi isə Sumqayıtın bütün yazarlarının birləşdiyi, yazıların müzakirə edildiyi bir birlikdir ki, burada tez-tez qızğın yaradıcılıq müzakirələri olur. “Tumurcuq” isə yalnız məktəblilər üçün nəzərdə tutulmuş bir ədəbi dərnəkdir.
   
   - Sizcə, Bakının ədəbi mühiti ilə digər şəhərlərin, bölgələrin ədəbi mühiti arasında çoxmu fərq var?
   - Bizim gənclik illərimizdə ədəbi aləmdə Bakıya güclü bir axın var idi. Çünki o dövrdə çap olunmaq, tanınmaq üçün yazarlar mütləq paytaxta üz tutmalı idilər. Həm də paytaxtdakı qaynar ədəbi mühitin qələm adamının formalaşmasında rolu əvəzolunmaz idi. İndi vəziyyət fərqlidir. Məsələn, Bakı ədəbi mühitində müəyyən insanlar və onların da öz əhatə dairələri var ki, kitab təqdimatlarında bir-birlərini tərifləyir, xırda tənqid eşidəndə isə bərk inciyirlər. Bəzi “istedadlı” insanların kitabları haqqında mətbuatda dərc olunan yazıları görəndə təəccüb edirəm və düşünürəm ki, bəlkə mən heç də yaxşı oxucu deyiləm, bəlkə o kitabı yenidən oxuyum?! Amma gerçək istedadı olan yazarların çoxu, əsasən də yaşlı nəslin nümayəndələri özünütəbliğin dalınca getmirlər. Məsələn, bu yaxınlarda “Azərbaycan” jurnalında Məmməd İlqarın “Qaratel” poeması dərc olunub. Vətənpərvərlik mövzusunda yazılmış çox gözəl, təbliğ olunası əsərdir. Sumqayıt ədəbi mühitində daha çox səmimiyyət var. Onu deyim ki, buraya gələn paytaxt yazarları da bu səmimiyyəti görürlər. Bakı tədbirlərində, Bakı ədəbi mühitində isə bunu görmək bir qədər çətindir. Sumqayıt ədəbi mühitində kifayət qədər ciddi imzalar var. Təəssüf ki, ədəbiyyat sahəsində də çox şey təbliğatdan asılıdır.
   
   Söhbətləşdi:
   Feyziyyə Hacızadə