Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən ötən il elan edilmiş “Böyük qayıdış” kino layihələri müsabiqəsində bədii, sənədli və animasiya filmləri olmaqla ümumilikdə 11 layihə seçilmişdi. Seçilən layihələrin istehsalı istiqamətində işlər davam etdirilir.
Layihələrdən ikisi animasiya filmidir. “Qarabağ nağılı” “Birlik” studiyasının istehsalıdır. Ssenari müəllifi və rejissoru Firəngiz Qurbanova olan film Zəfər Günündə ata ilə uşağın söhbətindən bəhs edir. Ata övladına xeyirin şər üzərində qələbə çaldığı bir nağıl danışır.
“Tarix” filminin rejissoru Ceyhun Türksoy, ssenari müəllifi Orxan Behbiddir. “OB film” studiyasının istehsal etdiyi film Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən igid oğlan haqqındadır.
Hər iki animasiya filmi bu ilin ilk yarısında təhvil veriləcək.