Koppola müasir filmlərin bir çoxunu bəyənmir

 

50 il əvvəl ekranlara çıxan “Xaç atası” filmi ilə dünya şöhrəti qazanan amerikalı rejissor Frensis Ford Koppola müasir kino sənayesindən o qədər də razı deyil. Kinorejissor bu barədə fikirlərini “GQ” jurnalına müsahibəsində bölüşüb.

Koppola bildirib ki, əvvəllər Hollivudda müxtəlif studiyaların filmlərini görürdük. İndi isə  “Marvel” studiyasının filmləri üstünlük təşkil edir. Rejissorun sözlərinə görə, bu filmlər fərqli görünmək üçün yeni versiyalarda yaradılsa da, onlar əslində, bir filmin oxşarı, prototipləridir: “Mən o filmlərin hər ikisindən eyni epizodu çıxarıb onları bir araya gətirib bir filmdə birləşdirə bilərdim...”.

Üç il əvvəl “Marvel” studiyasının filmlərini “kino” hesab etmədiyi üçün mənfi reaksiya ilə üzləşən həmkarı Martin Skorsezenin müdafiəsinə qalxan Koppola yenə bu mövqedə qaldığını bildirib, hətta o filmlərin “nifrətə layiq olduğunu” deyib.

Koppola müsahibədə Denis Villnyovun “Qum təpəsi” (“Dune”) və Keri Fukunaqanın “Ölmək zamanı deyil” (“No Time to Die”) filmləri barədə danışarkən onları “istedadlı kinorejissorların yaxşı filmləri” hesab etdiyini, lakin yenə də bu filmlərdə oxşarlıq hiss olunduğunu bildirib.

Qeyd edək ki, “Qum təpəsi” bu il “Oskar” mükafatı üzrə 10 nominasiyada namizəddir. “Ölmək zamanı deyil” filmi isə üç nominasiya üzrə “Oskar”a iddia edir.

Müsahibə zamanı Koppola rejissor Stiven Spilberqin “Vestsayd əfsanəsi” (“West Side Story”) filmini kinoteatrlarda görmək istədiyini dilə gətirib: “İstəyirəm ki, “Vestsayd əfsanəsi” filmi insanlara kinoteatral nümayişin onlayn platformalarda yayımdan daha vacib olduğunu xatırlatsın. Çünki striminq – sadəcə, ev videosudur...”.

O, kino sahəsində çalışan övladlarına da həmişə filmlərinin özəlliyi  olmasını tövsiyə etdiyini deyib: “Mən həmişə Sofiyaya (qızı – red.), uşaqlarıma deyirəm ki, filmləri həmişə daha özəl etməyə çalışın. O zaman sizin incəsənətiniz də bir möcüzə olacaq, çünki sizin sənət əsəriniz başqasında olmayan materialları özündə əks etdirəcək...”.