2021-ci ili Azərbaycan animasiyası üçün ən uğurlu il adlandırmaq olar. Filmlərin və animasiya studiyalarının sayı çoxalmaqla yanaşı, beynəlxalq film festivallarında iştirak edən animasiya filmlərimiz də xeyli artıb.

Bu fikirlər “Animafilm” Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor Rəşid Ağamalıyevin festivalın sosial şəbəkə səhifəsində yayımlanan “2021-ci ildə Azərbaycan animasiyası” adlı illik hesabatında yer alıb.

Bildirilir ki, ötən il filmlərin və animasiya studiyalarının sayı çoxalmaqla yanaşı, beynəlxalq festivallarda iştirak edən nümunələr xeyli artıb.

“Azanfilm” animasiya studiyası tərəfindən ötən il “Tıq-tıqla möcüzələr axtarışında – Qobustan” (ssenari müəllifi və rejissor Sultan Abbasbəyli) filmi istehsal edilib. Studiyanın növbəti filmi olan “Oğurlanmış bahar”ın (rejissor Aleksandra Şirinova) 2022-ci ildə təhvil verilməsi planlaşdırılır.

Rejissor və prodüser Firəngiz Qurbanovanın rəhbərlik etdiyi “Birlik” animasiya studiyası Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birlikdə “Sərçə” (rejissor Gülnar Əliyeva) diplom işini çəkib. Studiyanın “Qarabağ nağılı” layihəsi isə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Böyük qayıdış” müsabiqəsinin qalibi olub. Müsabiqənin şərtlərinə görə, animasiya filmi Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə çəkilir. Onu da qeyd edək ki, film “Mənə nağıl söylə” adlı serialın ikinci seriyasıdır. Animasiya filminin birinci seriyası olan “Araqçın” 2020-ci ildə çəkilib və festivallarda uğurlu nəticələr əldə edib. 2020-ci ildə “Harmony of Chaos” studiyası tərəfindən ərsəyə gələn “Evə qayıdış” animasiya çarxı da (prodüser və rejissor Ağarəhim İbrahimov) internetdə böyük əks-səda yaradıb, dəfələrlə televiziyalarda, kinoteatrlarda nümayiş etdirilib.

Mədəniyyət Nazirliyinin “Böyük qayıdış” müsabiqəsinin qalibi olan və “OB Film” studiyasının təqdim etdiyi “Tarix” layihəsinin (rejissor Ceyhun Türksoy) çəkilişləri davam edir.

“Perifilm” studiyası uşaqlar üçün “Sara, hara?” (rejissor və prodüser Vəfa Əli) serialının iki seriyası, habelə Həsən Pastacının rejissoruluğu ilə IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı üçün treyler çəkib. Studiyanın “Toxum” layihəsi (ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə) də “Böyük qayıdış” müsabiqəsində iştirak edib. “Perifilm” eyni zamanda “Animafilm” Beynəlxalq Animasiya Festivalı və animasiya kursları təşkil edir.

***

Hesabatda həmçinin “Azanfilm”, “Birlik” və digər studiyaların filmlərinin festivallarda iştirakı ilə bağlı məqamlar da əksini tapıb. “Birlik” studiyasının “Araqçın” filmi (rejissor Firəngiz Qurbanova) IV “Animafilm” festivalında “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyasında qalib gəlib. Film həmçinin 2021-ci ildə  Moskvada keçirilən XXVI “Radonej” Beynəlxalq Film Festivalında münsiflər heyətinin diplomuna layiq görülüb.

Ötən il “Animafilm” festivalının təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə azərbaycanlı iştirakçılar Tbilisidə keçirilən “Animated Film Project Pitching”də vorkşopa qatılıblar. Firəngiz Bağırova və Leyli Salayevanın “Son lələk” layihəsi baş mükafatı qazanaraq bu il Fransanın Fonrevro şəhərində keçiriləcək aylıq vorkşopda iştirak hüququ əldə edib.

***

Animasiya sahəsi üzrə təhsildə də müəyyən irəliləyişlərin əldə edildiyi hesabatda qeyd olunur. Bildirilir ki, 2021-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsi nəzdində animasiya və kompüter qrafikası ixtisası açılıb.

“Animafilm” festivalı nəzdində fəaliyyət göstərən “Animafilm School” 2021-ci ildə davamlı animasiya kursları və ustad dərsləri təşkil edib. Festival çərçivəsində tanınmış animasiya rejissoru Məsud Pənahi, səs rejissorları Nancy Denney-Phelps və Nik Phelps (Belçika), prodüserlər Olivier Catherin (Fransa) ustad dərsləri keçib.

Ötən il eyni zamanda Azərbaycan Dövlət Rəsm Qalereyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Digitalart-lab” layihəsi çərçivəsində animasiyanın müxtəlif sahələri üzrə ustad dərsləri təşkil olunub.

Lalə Azəri