Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 22-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş mədəniyyət tədbirləri başlayıb.
“Moskvada Azərbaycan günləri” silsilə tədbirləri çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda “Azərbaycan xalçaları: yeni baxış” adlı sərgi açılıb. “Azərxalça” ASC ilə birgə təşkil olunan sərgidə “Qarabağ” qrupuna aid xalçalar nümayiş etdirilir.
Həmçinin silsilə tədbirlər çərçivəsində Yeni Tretyakov Qalereyasında Azərbaycanın, Rusiyanın və keçmiş SSRİ-nin Xalq rəssamı Tahir Salahovun qalereyanın fondundakı əsərlərindən ibarət sərgi açılıb.
Fevralın 22-də axşam “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində “Qelikon-opera” Teatrında “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsert keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva musiqi axşamında iştirak edib. Leyla Əliyeva konsertdən əvvəl sənətçilərlə görüşüb.
Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçirilən konsertdə solistlər – Xalq artistləri Dinara Əliyeva (vokal), Elçin Əzizov (vokal), Murad Adıgözəlzadə (fortepiano), Yusif Eyvazov (vokal), Əməkdar artistlər Ceyla Seyidova (skripka), Elvin Qəniyev (skripka), Sahib Paşazadə (tar), Şəhriyar İmanov (tar) Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim ediblər.
Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Pyotr Çaykovski, Mixail Qlinka, Aleksandr Borodin və digər bəstəkarların sevilən musiqiləri yer alıb.
Konsert tamaşaçıların alqışları ilə qarşılanıb. Qeyd edək ki, vokalçılar Dinara Əliyeva, Elçin Əzizov və Yusif Eyvazov Rusiya opera səhnələrində çıxış edirlər və yerli sənətsevərlərə xüsusilə yaxşı tanışdırlar.
Xalq artisti Yusif Eyvazov jurnalistlərə müsahibəsində deyib: “Hər birimizə təbrik düşür. Çünki bu, möhtəşəm musiqi bayramıdır. Biz incəsənət xadimləri üçün burada iştirak etmək şərəflidir. Azərbaycan ilə Rusiya arasında dostluq münasibətləri hər sahədə inkişaf edir. Biz isə bu əlaqələrin daha da inkişaf etdirilməsində yaxından iştirak etməyə hazırıq...”.
Xalq artisti Elçin Əzizov da möhtəşəm konsertin təşkil olunduğunu bildirib: “Burada tanınmış, istedadlı insanlar toplaşıb. Azərbaycan ifaçıları klassik rus bəstəkarlarının əsərlərini ifa etməklə ölkəmizin rus mədəniyyətinə, incəsənətinə, musiqisinə olan xoş münasibətini sərgiləmiş olurlar...”.
Moskva səhnəsində çıxış etməkdən şərəf hissi duyduğunu bildirən Xalq artisti Murad Adıgözəlzadə Azərbaycan günlərinin təşkilinin önəmini vurğulayıb.
“Moskvada Azərbaycan günləri” silsilə tədbirlərinin martın 1-dək davam etməsi nəzərdə tutulub.