İyulun 15-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm İnstitutunun Avstriyanın Krems Universitetinin proqramı üzrə məzun olan tələbələrlə görüşüb.
  
   Bu barədə qəzetimizə məlumat verən ATİ-nin rektoru Cəfər Cəfərovun sözlərinə görə, mədəniyyət və turizm naziri məzunlarla səmimi söhbət edərək məzunlara öz tövsiyələrini verib, onların gələcək planları ilə bağlı fikirlərini bölüşüb.
   Nazir Krems Universitetinin diplomunu alan məzunları bir daha təbrik edərək onlara turizm sənayesində peşəkar kadrlar kimi layiqli yer tutmağı arzulayıb. Nazir bildirib ki, peşə hazırlığı ilə yanaşı, müasir kadrlarda sərbəst düşünmə qabiliyyətinin və xarici dil bilgilərinin olması da çox önəmlidir.
   Görüşdə ölkəmizdə turizm statistikasının vəziyyəti, bununla bağlı rast gəlinən çətinliklər və onların aradan qaldırılması, bu işdə yeni turizm kadrlarının rolu və s. mövzulara da toxunulub. Nazir bildirib ki, turizmin bir elm sahəsi kimi tədqiqinin genişləndirilməsinə ehtiyac var. Qeyd olunub ki, ATİ-nin Tədqiqat və İnkişaf Mərkəzi gələcəkdə turizm elminin araşdırılması və öyrənilməsi baxımından ayrıca bir qurum kimi formalaşa bilər.
   Mədəniyyət və turizm naziri ATİ-nin Avstriyanın Krems Universitetinin diplomunu qazanmış 19 tələbəsini Azərbaycanın təhsil məkanının qabaqcıl məzunları kimi qiymətləndirib. Qeyd edib ki, Avropanın tanınmış təhsil ocaqlarından olan Krems Universitetinin diplomunu almaq elə də asan iş deyil. Öz növbəsində ATİ-nin rektoru C.Cəfərov qeyd edib ki, sözügedən tələbələrin dövlət imtahanında Krems Universitetinin rektoru Eva Verner də iştirak edib və məzunların bilik göstəricilərindən razı qalıb. C.Cəfərovun sözlərinə görə, bu məzunların demək olar ki, hamısı ölkənin tanınmış hotellərindən iş təklifi alıblar. Eyni zamanda, Krems proqramı üzrə təhsil alan məzunların bir neçəsi müxtəlif xarici ölkələrin universitetlərinin magistraturasına qəbul olunub. Nazir bu faktı da yüksək qiymətləndirərək bildirib ki, onların təhsillərini başa vurduqdan sonra Azərbaycanın turizm sənayesində çalışmaları ölkə turizminin inkişafına töhfə olacaq.
   Görüşdə məzunların diplom işlərinin müdafiəsi zamanı seçdikləri mövzuya da toxunulub.
   Qeyd olunub ki, həmin mövzuların bəziləri Azərbaycanda ilk dəfə gündəmə gətirilib. Bu faktı təqdir edən nazir ATİ rəhbərliyinə məzunların buraxılış işlərinin tezislərini praktiki baxımdan istifadə edilməsi üçün hazırlayıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmək barədə göstəriş verib.
   Sonda nazir məzunlarla xatirə şəkli çəkdirib. Tələbələr görüşdən yüksək təəssüratla ayrılıblar.
  
   Fəxriyyə Abdullayeva