Əsəd Əsədov: “Hər kəs öz bacardığı işlə məşğul olanda nəticə daha yaxşı olur”


Kinonun vacib, həlledici sahələrindən biri də səs rejissorluğu sənətidir. Səs rejissoru yalnız səs ardıcıllığının keyfiyyətinə deyil, həmçinin filmin dramaturji ardıcıllığına, səs obrazlarının (ifadəli səslərin) dolğun yaranmasına, səs və təsvirin sinxronlaşmasına nəzarət etməklə yanaşı, səsin redaktəsinə də rəhbərlik edir. Səs rejissorlarının birinci növbədə sənətə olan sevgisi, intuisiyası və diqqəti ətraf aləmin səslərini həssaslıqla dinləməyə, onları olduğu kimi, inandırıcı, yüksəkkeyfiyyətli səslərlə filmə daxil etməyə də imkan verir. Bir sözlə, ədəbi əsərlərə can, ruh verən səs sistemi ilə işləmək istedadla bərabər, bacarıq da tələb edir. Onu da qeyd edək ki, kino sənətində filmin səs həlli vacib sahə olduğu üçün səs rejissorlarının işi festivallarda xüsusi mükafatlara, diplomlara layiq görülür.

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında 150-dən artıq ekran işində (bədii, sənədli filmlər, “Mozalan” kinosüjetləri) çalışan, imzası olan hər bir filmdə peşəkarlıq nümayiş etdirən tanınmış səs rejissorlarından biri, Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı Əsəd Əsədov martın 1-də 75 yaşını qeyd etdi. Bu ərəfədə yubilyarla görüşüb təbriklərimizi, xoş arzularımızı çatdırdıq və sənət həyatı, məsləyi ilə bağlı söhbət etdik.


– Keçmişə nəzər salanda həyat, yoxsa yaradıcılıq xatirələri çox olur?

– Həyatım və yaradıcılığım həmişə bir-biri ilə bağlı olub. İndi, şükürlər olsun, övladlarımla, nəvələrimlə nəfəs alıram. Keçmişimə də nəzər salanda fəxr edirəm ki, belə maraqlı, işgüzar həyat yaşamışam. 75 yaşa çatmışam, amma bilmirəm buna sevinim, yoxsa kədərlənim. Çünki 75 yaş sona yaxın bir həyatdır. Amma buna da şükür.


– Niyə məhz səs rejissoru peşəsini seçdiniz?

– Niyəsini heç özüm də bilmirəm. 1965-ci ildə sənəd vermək üçün Neft və Kimya İnstitutuna gəldim. Orda Leninqrad Kino Mühəndisləri İnstitutu üçün sənəd qəbulu da var idi. Respublika üzrə üç nəfər həmin instituta qəbul ola bilərdi. Sözün düzü, institutun adı xoşuma gəldi. Ərizə yazdım, imtahanlarımı verib qəbul olundum. Fəxr edirəm ki, beş il ərzində Leninqrad (indiki Sankt-Peterburq) kimi böyük, zəngin mədəni həyatı olan bir şəhərdə ali təhsil almışam.

1970-ci ildə kinostudiyaya gəlib işləyəndən sonra peşəmin nə dərəcədə gərəkli olduğunu bildim. Bir müddət burada mühəndis işlədim, sonra hərbi xidmətə getdim. 1974-cü ildə tərxis olunduqdan sonra kinostudiyaya qayıtdım və səs rejissoru kimi dublyaj şöbəsində işə başladım. Həmin illərdə “Azərbaycanfilm”də dublyaj şöbəsi çox aktiv fəaliyyət göstərirdi və il ərzində altmış film dublyaj olunurdu. Yadımdadı, ilk dəfə “Nənələr və nəvələr” adlı gürcü filminin dublyajında çalışdım. Ümumiyyətlə, dublyaj sənəti kinonun maraqlı bir qoludur.


– Sənət seçiminizə ailəniz müdaxilə etmədi?

– Yox, qətiyyən. Ümumiyyətlə, ailəmizə bu kimi hallar yad idi. Mən ziyalı ailəsində dünyaya gəlmişəm. Atam Fərrux kişi müstəntiq idi, anam Rəfiqə xanım isə uşaq həkimi. Onlar heç vaxt məslək seçimimizdə mənə, eləcə də qardaşıma və bacıma mane olmayıb, əksinə, dəyərli məsləhətlərini veriblər. Ailəmizdə həmişə xoş münasibət, qarşılıqlı sevgi hökm sürüb. Eynilə mən də uşaqlarıma bu və yaxud digər sənəti seçmələrinə qarışmamışam.


– Filmlərin titrlərində səs operatoru və səs rejissoru adlarına rast gəlirik. Bunların fərqini açıqlayardınız.

– İndi filmlərin sonunda səs rejissoru yazırlar, amma əvvəllər səs operatoru yazırdılar. Bir çox filmlərdə adım səs operatoru kimi gedib, buna da öyrəşmişəm. İşə gələndə isə mənim üçün bunların heç bir fərqi yoxdur.


– Böyük kinoda ilk uğurlu işiniz hansıdır?

– İlk uğurlu filmim rejissor Vaqif Mustafayevin “Yaramaz” (1988) filmi oldu. Bu filmə görə yaradıcı heyətlə birlikdə mənə də Dövlət mükafatı verildi. Amma bütünlükdə işlədiyim filmləri uğurlu hesab edirəm.


– Quruluşçu rejissorların əsas tələbi nədir?

– Onlar tələb etmirlər. Nə lazım olduğunu bildiklərinə görə səs rejissoruna səsləndirmənin icra olunmasını deyirlər. Onu da qeyd edim ki, səs rejissorları quruluşçu rejissorlarla film başa çatana qədər birlikdə işləyirlər.


– Səs rejissorunun kinoda rolundan bəhs edərdiniz...

– Səs rejissorluğu filmdə olduqca vacib sahədir. Bu sahənin özünəməxsus maraqlı tərəfləri var. Montaj prosesi bitdikdən sonra filmin səsləndirilməsi başlayır. Filmdə çəkilən aktyorların səsini hansı aktyorun səsləndirəcəyini ölçüb-biçirik, qərar veririk. Bu iş prosesi zamanı həyata keçirilir. Kinoda birinci adam filmin quruluşçu rejissorudur. Onun dediyinə mütləq əməl olunmalıdır. Mən həmişə rejissorlarla fikir mübadiləsi aparmışam, istəkləri ilə də qarşılıqlı anlaşmamız olub. Filmlərdə təkcə səs yox, operator, montaj işi, ümumiyyətlə, hamısı önəmlidir. Səsləndirmə prosesi ən axırda gedir. Həmişə çalışmışıq ki, filmdə səslənən həm musiqi, həm kənar səslər, həm də aktyorların səsi maraqlı olsun. Bunun üçün də çalışqanlıqla yanaşı böyük səbir tələb olunur.


– Daha çox hansı rejissorlarla işləmək sizə yaradıcılıq stimulu verib?

– Peşəkar rejissorlarla işləmişəm. Hamısı mənim üçün maraqlı, istedadlı insanlardır. Buna görə də fərqləndirmək istəmirəm. Onlarla işləmək mənim üçün xoş olub. İndi də onların bir çoxu ilə görüşürük, söhbətləşirik.


– Bədii, sənədli və “Mozalan” kino süjetlərində çalışmısınız. Kinonun səs sahəsinin fərqi varmı?

– “Mozalan”da uzun müddət işləmişəm. “Mozalan”da çəkilən filmlərin, demək olar ki, səksən faizində çalışmışam. Orda işləmək mənim üçün maraqlı idi. Çünki orda operativ olmalısan və bir çox məsələni özün həll etməlisən. Bədii filmlərdə belədir ki, musiqini bəstəkar yazır, amma “Mozalan” süjeti üçün gərək musiqini özün seçəsən. Həmin vaxtlar bizdə musiqi şöbəsi vardı. Tanınmış şair İsmayıl Dadaşov orda musiqi redaktoru kimi çalışırdı. Çox savadlı, ağıllı insan idi, onunla işləmək çox xoş idi. Biz onunla süjet üçün musiqiləri seçirdik, baş redaktor və rejissor da qəbul edirdi. Ümumiyyətlə, kino müştərək sənətdir. Bir yerdə işləyirik, çalışırıq, yeri gələndə mübahisə edirik. Bütün bunlar hamısı kadr arxasında qalan proseslərdir. Əsas odur ki, film başa çatdıqdan sonra görürsən ki, əziyyətin hədər getməyib.


– Peşənizi tədris etmisinizmi?

– Mən uzun müddət Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) dərs demişəm. İnstitutun nəzdindəki “Sabah” studiyasının Rejissorluq fakültəsində peşəmin sirlərini gənclərə öyrətmişəm. Bu sahə ilə maraqlanan gənclər böyük həvəslə dərsə gəlirdilər. Hər bir sahədə müəyyən savad, bilik olmalıdır. Buna görə də bu sənətin incəliklərini bilmək vacibdir.


– 75 yaşlı kino veteranının gənc səs rejissorlarına tövsiyəsi və tamaşaçılara ürək sözü...

– Tamaşaçılara harda çəkilməsindən asılı olmayaraq daha çox filmlərə baxmağı, yaxşını pisdən ayırmağı arzu edirəm. Çünki özüm də həmişə fərqli janr və mövzularda filmlərə baxıram. O ki qaldı gənclərə olan tövsiyəmə, ümumiyyətlə, hər kəs öz bacardığı işlə məşğul olanda nəticə daha yaxşı olur.

Şəhla Əmi̇rli̇
kinoşünas