Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
BXA-nın tam orta təhsil pilləsinin direktoru Tahir Eynullayev bildirib ki, 1992-ci il fevralın 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən Xocalıda törədilmiş soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir və yaddaşlardan heç zaman silinməyəcək.
Orta ixtisas təhsil pilləsinin I və II kurs tələbələri həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdiyi insanlıq əleyhinə cinayətin dəhşətlərindən bəhs ediblər.
Tədbirdə Xocalı faciəsindən bəhs edən kadrlar və BXA tam orta təhsil pilləsi şagirdlərinin soyqırımına həsr edilmiş rəsmləri nümayiş olunub. İştirakçılar akademiyanın kitabxana-informasiya mərkəzi tərəfindən təşkil edilmiş sərgi ilə də tanış olublar.