Fevralın 26-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Xocalı – 30. Bitməyən kədər” adlı tədbir keçirilib.
Tədbirin aparıcısı – nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Pərvin Səfərli Xocalı faciəsi, soyqırımının dünyada tanıdılması, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində ərsəyə gələn sənət əsərləri, o cümlədən litvalı jurnalist Riçardas Lapaidisin bir çox ölkələrdə nümayiş olunan “Sonsuz dəhliz” filmi, fransız bəstəkarı Pierre Thilloyun faciə qurbanlarına həsr etdiyi “Xocalı 613” əsəri haqqında danışıb.
“Xocalı 613” əsərinin ilk dəfə Azərbaycan Dövlət Akademik Filarmoniyasında təqdimatında ifaçı (klarnet) kimi iştirak etmiş Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli ilk konsertlə bağlı təəssüratını bölüşüb.
Sonra məktəbin müəllim və şagirdləri faciəyə həsr olunmuş musiqi nömrələri və xoreoqrafik kompozisiya təqdim ediblər. İfalar faciəyə həsr olunmuş videoslaydlarla müşayiət olunub. Məktəbdə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil edilib.