Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində Xocalı şəhidləri yad edilib.

Məktəbin müəllimi Aytən Manafova otuz il öncə tariximizə və qan yaddaşımıza yazılmış faciə haqqında danışıb.

Tədbirin bədii hissəsində məktəbin müəllimlərdən ibarət simli kvartetinin ifasında T.Albinoninin “Adajio” və İ.S.Baxın “Ariya”sı səslənib.

Sonda məktəbin direktoru, professor Adilə Yusifova çıxış edərək otuzillik işğaldan sonra azad edilən torpaqlarımızda bərpa-quruculuq işlərindən, Qarabağın yeni növrağından söz açıb.

***

Baş idarənin 24 nömrəli onbirillik Musiqi məktəbində də Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Məktəbin nəzəriyyə şöbəsinin müəllimi Şəfa Səfərova Xocalı hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən danışıb. Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub.

Anım tədbirində məktəbin müəllim və şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, muğamlarımız təqdim edilib.