Xaricdəki soydaşlarımız da milli kino yeniliklərindən xəbərdar olacaqlar
“Narimanfilm” studiyasının “Azcinemaonline.com” internet kinoteatrı yenilənmiş platformada fəaliyyətə başlayıb. Platforma “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 mart 2019-cu il tarixli sərəncamına əsasən yaradılıb.
Layihənin məqsədi xaricdə yaşayan soydaşlarımızın ana Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də beynəlxalq auditoriyada populyarlaşmasını təmin etməkdən ibarətdir. Platforma həmçinin gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı vermək, Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulmasına şərait yaratmaq məqsədi daşıyır.
Qeyd edək ki, “Azcinemaonline.com” internet kinoteatrında Azərbaycan kinosunun inciləri ilə yanaşı, ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkün olacaq. Platforma vasitəsilə bədii, sənədli və animasiya filmlərimizin izlənilməsi sayt istifadəçilərinə bir növ Azərbaycan incəsənətinə açılan pəncərə kimi mədəni zənginliklərimizlə daha yaxından tanışlığa imkan yaradacaq.
Platformada həmçinin bədii, sənədli, qısametrajlı və cizgi filmlərinin (gənc kinorejissorların layihələri üçün) istehsalının maliyyələşdirilməsi və təhsilin maliyyələşdirilməsi üçün ianələrin toplanması, Azərbaycan kinosu veteranlarına maddi yardım göstərmək, habelə tibbi xidmət haqqını ödəmək üçün ianələrin yığılması nəzərdə tutulub.
Onu da əlavə edək ki, platforma üzərindən ilk ianə toplanışı üçün müraciət olunan film İlqar Safatın lentə aldığı “Doğma torpaq” ekran işidir. Filmin tamamlanması üçün müəyyən vəsaitə ehtiyac olduğu bildirilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Mindia Esadze, prodüseri Nəriman Məmmədovdur. Tarixi mövzulu film azərbaycanlıların Ermənistandakı tarixi yurdlarından qovulması, Xocalı soyqırımı və torpaqlarımızın işğaldan azad edilməsindən bəhs edir. Filmdə aktyorlar Rüstəm Cəbrayılov, Alina Vorontsova, Hacı İsmayılov, Orxan Abbasov, Azər Aydəmir, Rəşad Səfərov, Qorqud Cəfər, Əminə Abbasova və başqaları çəkilir.
Layihəyə Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm” Kinostudiyası və başqa qurumlar dəstək verib.
Lalə