Bu il mehmanxanalarda yerləşdirmə yerlərinin sayı 10-12 faiz artacaq
Bu ilin birinci yarısında Azərbaycana gələn turistlərin sayı ilə bağlı konkret rəqəmlər bəlli olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ilk 6 ayın göstəricisinə görə, bu rəqəm 1 milyonu keçib:
“Ötən il xaricdən 1 milyon 968 min insan ölkəmizin sərhədlərini keçib. Bu il isə 6 ayın nəticələri 1 milyon 16 mini göstərir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz artım deməkdir. Bu müsbət tendensiyadır və bunu saxlamaq lazımdır».
Nazir onu da bildirdi ki, bu il Dünya Turizm Təşkilatının ekspertləri ilə birlikdə tək Azərbaycan üçün yox, bütün region üçün daxili turizmin statistikası ilə bağlı seminarlar keçiriləcək. İki il müddətində bu tədbirlər davam etdiriləcək: «Yəqin ki, gələn il daxili turizmlə bağlı statistikanı biz yeni qaydalarla müəyyənləşdirəcəyik».
İlin sonunadək Bakıda yeni beşulduzlu hotellərin açılacağını nəzərə çatdıran nazir bildirdi ki, hazırda ölkə ərazisində irili-xırdalı 43 mehmanxana və mehmanxana tipli obyekt tikilir: “Hesablamalarımıza görə, ötən ilə nisbətən bu il ölkə ərazisində yerləşdirmə yerlərinin sayı 10-12 faiz artacaq”.
Fəxriyyə