Müalicə turizmi hazırda dünyada çox önəm verilən və böyük investisiyalar qoyulan turizm növlərindən biridir. Turizmin bu növünün yüksək səviyyədə inkişaf etdiyi ölkələrdən biri də Türkiyədir. Hər il 150 min turist bu ölkəyə müalicə məqsədilə səfər edir.
  
   Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin əməkdaşı Nizami Zöhrabinin qəzetimizə verdiyi məlumata görə, 2011-ci ildə Türkiyə büdcəsinə müalicə turizmindən 4 milyard avro gəlir gələcəyi proqnozlaşdırılır. Bu ölkənin müalicə turizmində əldə etdiyi ən böyük üstünlük isə keyfiyyətli xidmət və aşağı qiymət təklif etməsidir.
   Səfirlik əməkdaşı bildirdi ki, bu yaxınlarda Türkiyə hökuməti tərəfindən ölkədə müalicə turizminin inkişafı istiqamətində daha bir addım atılıb. Belə ki, 2011-ci il iyunun 13-dən etibarən ölkəyə müalicə məqsədilə gələn turistlər Türkiyənin Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalara da müraciət edə biləcəklər.
   Hazırda Türkiyədə 650 sağlamlıq mərkəzi, onkologiya, süni mayalanma, ürək-damar xəstəlikləri, orqan nəqli, plastik cərrahiyyə, stomatologiya, göz xəstəlikləri kimi xəstəliklərin müalicəsinə dair ixtisaslaşmış xəstəxanalar fəaliyyət göstərir. Bununla bərabər, Türkiyədə çoxlu sayda termal sağlamlıq mərkəzləri də var. Ölkə ərazisində ümumilikdə 1500-ə yaxın termal və şəfalı su mənbələri mövcuddur.
   Qeyd edək ki, 2010-cu ildə dünyada müalicə turizmi sahəsində dövriyyənin həcmi 78,5 milyard dollara çatıb. 2012-ci ildə isə bu sahədən əldə edilən gəlirlərin həcminin 100 milyard dollara çatacağı proqnozlaşdırılır.
  
   Fəxriyyə