Milli heykəltəraş sənətində özünəməxsus yeri olan tanınmış tişə ustası, Əməkdar rəssam Albert Mustafayev martın 4-də, ömrünün 91-ci ilində dünyasını dəyişdi.

Albert Zaman oğlu Mustafayev 26 yanvar 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. 4-cü sinfə qədər Nuxada rus məktəbində oxuyub. Ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib. Sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1956-1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad (Sankt-Peterburq) Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.

1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun Təsviri sənət kafedrasında assistent, müəllim kimi fəaliyyət göstərib. 1975–2020-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Memarlıq və İnşaat Universiteti) Təsviri incəsənət kafedrasında baş müəllim, dosent, daha sonra isə professor vəzifələrində çalışıb.


Yaradıcılığı


Hələ 1959-cu ildə – Leninqradda institutda oxuyarkən, kurs işi olaraq gildən hündürlüyü cəmi 30 santimetr olan “Bəhram Gur əjdahanı öldürür” kompozisiyasını hazırlamışdı. 1960-cı ildə isə həmin vaxt Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alan Aslan Rüstəmov və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücəddinovla birlikdə qərara gəlirlər ki, bu kompozisiyanı yenidən işləyib Bakıda fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etsinlər. “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası üç gənc heykəltəraşın birgə əsəri kimi müsabiqəyə təqdim olunur. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları işi çox bəyənir. Heykəl bürüncdən tökülərək Bakının ən görməli yerlərindən birində qoyulur və tezliklə şəhərin simvollarından birinə çevrilir.

Bundan sonra Albert Mustafayev Bakıda Nizami Kino Mərkəzinin baş fasadındakı Nizami Gəncəvi heykəli, Lütfəli Abdullayevin və Lətif Kərimovun xatirə lövhələri, Şəkidə 1941-1945-ci illər müharibəsində həlak olmuş şəkililərin xatirəsinə 1974-cü ildə yaradılmış memorial kompleksdə “Ana heykəli”, Şuşada Molla Pənah Vaqifin məqbərəsində Vaqifin büstü və başqa əl işləri ilə tanınır.

O, hələ Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən fotoqrafiya işi ilə də məşğul olmağa başlamışdı. Leninqradda təhsil alarkən isə Vıborq Mədəniyyət evində onun çəkdiyi fotoşəkillərin sərgisi təşkil olunmuşdu. Sonralar işlədiyi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda fotosərgisi keçirilir. 2015-ci ildə – anadan olmasının 85 illiyi münasibətilə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən daha bir fotosərgisi keçirilib və ona “İlin ən yaxşı fotoqrafı” fəxri fərmanı verilib. Özü jurnalistlərə müsahibəsində bildirmişdi ki, o, yalnız həvəskar, sadə fotoaparatlardan istifadə edir və özünü peşəkar fotoqraf hesab etmək fikrində deyil.

Albert Mustafayev 1982-ci ildə “Əməkdar rəssam”ı fəxri adı ilə, 2021-ci ildə 90 yaşının tamam olması münasibətilə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuşdur.

Sənətkarın 90 illik yubileyi Bakıda, Nizami Kino Mərkəzində keçirildi. Tədbirdə onun milli heykəltəraşlıq sənətində xidmətlərindən söz açıldı, həyat və fəaliyyəti haqqında film nümayiş etdirildi.


Şuşada Vaqifin büstü


Şuşada Molla Pənah Vaqifin məqbərəsindəki böyük şairin büstü Albert Mustafayevin ən uğurlu heykəltəraşlıq işlərindən biri idi. 1982-ci ildə – məqbərənin açılışında, bu büst ulu öndər Heydər Əliyevin diqqətini cəlb etmişdi. Bəlkə də elə bu büstə görə ona həmin il fəxri ad verilmişdi... 1992-ci ildə Şuşanın işğal edilməsindən sonra Vaqifin məqbərəsi, eləcə də həmin büst erməni vandalları tərəfindən dağıdıldı. 28 il sonra – 2020-ci ildə, müzəffər Azərbaycan Ordusu Şuşanı erməni işğalçılarından azad etdi, Prezident İlham Əliyevin göstərişi ilə Vaqifin məqbərəsi qısa bir müddət ərzində bərpa olundu. Vaxtilə Albert Mustafayevin hazırladığı büstün eynisi yenidən burada öz yerini aldı.

2021-ci ilin avqustunda – Vaqifin məqbərəsinin bərpadan sonrakı açılışında Albert Mustafayev yaşı ilə əlaqədar olaraq şəxsən iştirak edə bilmədi, lakin mərasimi televiziya vasitəsilə evdə izləyirdi. Telejurnalist Xatirə Məmmədova isə sənətkarın evinə gedib ondan Real TV üçün müsahibə götürdü...

Albert Mustafayev uzun və mənalı ömür sürdü, həm sənətkar, həm də pedaqoq olaraq zəngin bir həyat yaşadı.

Sənətkar martın 4-də Şəkidəki Çöl qəbiristanlığında torpağa tapşırıldı. Dəfn mərasimində Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Tərlan Nəsibov və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Allah rəhmət eləsin.

Aydın Məmmədov
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı