Azərbaycanda istirahət etmək xaricdə dincəlməkdən baha deyil
  
   Azərbaycan vətəndaşları ölkə daxilində istirahətə daha çox üstünlük verirlər. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin sözlərinə görə, son illərin müşahidələrinə əsasən bunu söyləmək olar.
  
   Şöbə müdiri hesab edir ki, bu, Azərbaycanın turizm şirkətlərinin göstərdiyi xidmətlərin səviyyəsinin yüksəlməsi və ölkə daxilində infrastrukturun qurulması ilə bağlıdır: «Daxili turizm bazarında artıq müəyyən infrastruktur qurulub, mehmanxana və turizm şirkətlərimiz çeşidli xidmətlər göstərirlər. Əksər hotellərdə müştərilərə gün ərzində 3 dəfə yemək daxil olan xidmət paketi təklif edilir. Hesab etmirəm ki, Azərbaycanda daxili turizm xidmətlərinin qiymətləri bahadır. Çünki indi Azərbaycan hotellərində gündə 40 manat ödəməklə normal istirahət etmək mümkündür. Bu qiymətə gün ərzində 3 dəfə yemək yeməklə normal istirahət etmək olar. Bu, o deməkdir ki, 10 gün dincələn şəxs yeməklə birlikdə istirahətinə 400 manat xərcləyəcək. Amma Azərbaycandan Antalyaya, ya da harasa getmək istəyən şəxs təkcə nəqliyyat xərci üçün 300-400 manat sərf edir. Buna görə də Azərbaycanın daxilində istirahət etmək xaricdə dincəlməkdən baha alınmır».
   Şöbə müdirinin sözlərinə görə, Azərbaycan turistləri xarici ölkələrdən daha çox Türkiyə və Gürcüstana səfər edirlər. Turistlərimizin Türkiyə və Gürcüstanı seçmələrinin əsas səbəbi həmin ölkələrin Azərbaycanla qonşu olmasıdır: “Digər bir səbəb də dil baxımdan problemin olmamasıdır. Xarici dilləri bilənlər isə Avropa ölkələrində özlərini daha rahat hiss edirlər».
   A.İsmiyev ölkəmizdə gəlmə turizmin inkişafından da danışaraq bildirib ki, Azərbaycanda turistlərə elektron vizalar veriləcək. Onun sözlərinə görə, elektron vizaların verilməsi ilə əlaqədar bu prosesin sadələşdirilməsi təklifi irəli sürülüb: «Hazırda elektron vizanın tətbiqi üçün işlər aparılır. Amma elektron vizaların verilmə prosesinin nə vaxtdan başlayacağı hələ məlum deyil. Bu yeniliyin tətbiqi üçün yeni sistem qurmaq, avtomatlaşdırılmış sistem yaratmaq, blanklar hazırlamaq lazımdır. Elektron viza sistemi tətbiq edildikdən sonra turistlər sənədlərini internet vasitəsilə səfirlik və konsulluğa təqdim edəcəklər. On beş gündən sonra isə onlara müsbət və ya mənfi cavab veriləcək».
   Şöbə müdirinin sözlərinə görə, elektron vizanın tətbiqi ölkəyə turist axınının artmasına zəmin yaradacaq.
   Qeyd edək ki, ötən il Azərbaycana xaricdən 1 milyon 968 min turist gəlib. Bu ilin ilk 6 ayında isə bu göstərici 1 milyon 16 minə yüksəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur.

Fəxriyyə Abdullayeva