Zamanın səhifələrində qalan olaylar, faktlar...


287 il əvvəl...

10 mart 1735-ci ildə Səfəvi dövləti və Rusiya arasında Gəncə müqaviləsi bağlanıb. Səfəvi ordusunun komandanı Nadir xan və knyaz Qolitsın tərəfindən imzalanan müqaviləyə görə, rus qoşunları Xəzəryanı Azərbaycan torpaqlarını (Dərbənd, Bakı, Salyan) tərk etdilər. Bunun müqabilində Səfəvi dövləti rus tacirlərinə güzəştli ticarət şəraiti yaratmaq, Osmanlı ilə müharibədə Rusiyaya yardım etmək barədə öhdəlik götürdü.


228 il əvvəl...

12 mart 1794-cü ildə Polşada Tadeuş Kostyuşkonun başçılığı altında Rusiya və Prussiya (alman) müstəmləkəçiliyinə qarşı üsyan başlayıb. Aleksandr Suvorovun komandanlıq etdiyi Rusiya qoşunları üsyanı qan içində boğdu. Üsyan yatırılandan sonra Rusiya və Prussiya Polşanı 3-cü dəfə (tamamilə) bölüşdürdülər.


149 il əvvəl...

10 mart 1873-cü ildə Bakıda maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov, aktyor Əsgər ağa Adıgözəlov (Gorani) və Realnı məktəbin şagirdlərinin iştirakı ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Bununla Azərbaycan peşəkar milli teatrının əsası qoyulub.


105 il əvvəl...

9 mart 1917-ci ildə Rusiya imperiyasının Müvəqqəti hökuməti Cənubi Qafqazda çar idarəçilik sisteminin – canişinliyin ləğv edilməsi barədə qərar verib. Canişinliyin əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum – Zaqafqaziya Xüsusi Komitəsi yaradılıb.


102 il əvvəl...

10 mart 1920-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib. Təşkilat Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü ilə yaradılıb. Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə martın 10-u Azərbaycanda “Qızıl Aypara Günü” kimi qeyd olunur.


100 il əvvəl...

12 mart 1922-ci ildə bolşevik Rusiyasının təşviqi ilə gələcək SSRİ-nin təməli kimi üç Cənubi Qafqaz respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan) ittifaqı – Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı yaradılıb. Bundan 9 ay sonra, 1922-ci ilin 30 dekabrında Zaqfederasiya SSRİ-nin qurucu subyektlərindən biri oldu.


84 il əvvəl...

11 mart 1938-ci ildə Adolf Hitler alman qoşunlarının zəbt etdiyi Avstriyanın Almaniyaya birləşdirildiyini (“Anschluss”) elan edib. Avropanın böyük dövlətlərinin seyrçi qaldıqları işğal tezliklə Hitler iştahasını artırdı.


82 il əvvəl...

12 mart 1940-cı ildə Sovet-fin müharibəsinin (1939-1940) başa çatması ilə bağlı sülh müqaviləsi bağlanıb. SSRİ-nin böyük canlı qüvvə itkisi hesabına əldə etdiyi “qələbə” sayəsində Kareliya zolağı, Vıborq SSRİ-yə birləşdirildi.


74 il əvvəl...

10 mart 1948-ci ildə SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. Bununla bağlı mərkəzi hökumətin ilk qərarı 1947-ci il dekabrın 23-də verilmişdi. Qərara görə, azərbaycanlı kolxozçuların boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idilər. Azərbaycanın rəhbəri Mircəfər Bağırovun Stalinə müraciətindən sonra qərarın sərt şərtləri qismən yumşaldıldı. 100 minə yaxın azərbaycanlının deportasiyasını həyata keçirən qərarların təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini Anastas Mikoyan idi.


30 il əvvəl...

11 mart 1992-ci ildə Böyük Britaniya və Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulub.

12 mart 1992-ci ildə Qazax rayonunun Aşağı Əskipara, Ağdərə rayonunun Sırxavənd, Qaraşlar, Bəşirlər, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Manikli kəndləri erməni silahlı qüvvələri tərəfindən işğal edilib.

Hazırladı: V.Orxan