Pərixanım Sofiyeva haqqında film çəkilib


Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatı Pərixanım Sofiyeva haqqında animasiya filmi çəkilib.

“Qadınların Təşəbbüslərinə Dəstək Qrupu” qeyri-hökumət təşkilatının layihəsi əsasında hazırlanan qısametrajlı ekran əsəri Tbilisinin “Amirani” kinoteatrında Feminist Filmləri Festivalı çərçivəsində ilk dəfə nümayiş etdirilib.

Gürcü dilində (ingilis dilində altyazılarla) təqdim olunan animasiya filminin istehsal prosesinə azərbaycanlı icmadan məsləhətçilər də cəlb olunub.

Cizgi filminin azərbaycandilli versiyası da hazırdır və tərəfdaş təşkilatların dəstəyi ilə bu versiyanın soydaşlarımız üçün nümayişi nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, Qardabani rayonunun Qaracalar kəndindən olan P.Sofiyeva (1884-1953) 1918-ci ildə Tiflis qəzası bələdiyyəsinə bitərəf üzv seçilib. O, müsəlman dünyasında seçkili orqana demokratik yolla seçilən ilk qadın kimi tarixə düşüb.