Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının müvafiq bəndlərinin icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Millennium” turizm şirkətinin və “Kür” mehmanxanasının təşkilatçılığı ilə Mingəcevir şəhərinə infotur təşkil ediləcək.
  
   İyulun 30-31-də gerçəkləşəcək infotur regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq üçün keçirilir.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, infoturda nazirliyin, turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyətin iştirakı nəzərdə tutulur.
   İnfoturun məqsədi iştirakçılara Mingəçevir şəhərinin turizm potensialını, mövcud infrastrukturu, əsas turizm xidmətlərini nümayiş etdirmək və turizm şirkətləri ilə hotellər və olimpiya idman təlim mərkəzi arasında aktiv əməkdaşlığı stimullaşdırmaqdır.
   Tədbirdə avarçəkmə turizm marşrutunun təqdimatının keçirilməsi də nəzərdə tutulur. Bundan əlavə, turizm şirkətləri və KİV nümayəndələri iki gün ərzində Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzi və mehmanxanalarla, eləcə də mədəni-tarixi abidələrlə və şəhərin təbiəti ilə də tanış olacaqlar.
  
   Fəxriyyə