Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Antalya Diplomatiya Forumunda çıxış edib


11-13 mart tarixində Türkiyənin Antalya şəhərində Diplomatiya Forumu keçirilib. İkinci dəfə təşkil edilən Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində müxtəlif mövzularda panel toplantıları da gerçəkləşib. ADF-də iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Mədəni irsin rəqəmsal dövrdə qorunması” adlı panelə qatılıb.

Günay Əfəndiyeva çıxışında ADF-nin təşkilatçılarına təşəkkür edərək, bildirib ki, dünyanın bir çox yerlərində ciddi hadisələrin baş verdiyi bir vaxtda belə bir platforma diplomatik münasibətlərin inkişafı və üzləşdiyimiz kirtik məsələlərin həlli üçün vasitə kimi görünür. Qeyd edib ki, dünyada dinc yanaşı yaşama, əməkdaşlığın və davamlı inkişafın şərti kimi qarşılıqlı tolerantlıq haqqında biliklərin təkmilləşdirilməsi çox vacibdir. Bu çağırış, özünəməxsus adət-ənənələr sisteminə malik hər bir mədəniyyətin böhrana məruz qaldığı və dəyərlərin transformasiya olunduğu günümüzdə xüsusilə aktuallaşır. Bütün xalqlar dünyamızın kövrəkliyini dərk edir və mədəniyyətini, tarixini gələcək nəsillər üçün qoruyub saxlamağa çalışırlar.

Bu istiqamətdə rəqəmsal texnologiyaların önəminə toxunan Günay Əfəndiyeva qeyd edib ki, yeni texnologiyaların bizə gətirdiyi bu qabiliyyət mədəniyyətlərimizin sürətlə sərhədləri aşmağına şərait yaradır. İstənilən musiqi, kino, teatr və ya digər media bir neçə saniyə ərzində bütün dünyada paylaşılır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv ölkələrdə də qeyri-maddi mədəni irsin mühafizəsinə və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət göstərilir.

Mədəni irsin qorunmasında, eləcə də bu sahədə rəqəmsal texnologiyaların tətbiqində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri örnək olaraq qeyd edən Günay Əfəndiyeva bildirib ki, hazırda bu bu istiqamətdə başlıca fəaliyyət Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda otuz ilə yaxın işğal müddətində dağıdılmış və mənimsənilmiş mədəni irsin bərpası ilə bağlıdır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti haqqında məlumat verən Günay Əfəndiyeva, texnoloji irəliləyişlərin təşkilatın işindəki əhəmiyyətini, o cümlədən Türk dünyasının böyük şəxsiyyətlərinin irsinin dünyada yayılmasına imkan verdiyini vurğulayıb. Bildirib ki, xüsusilə COVİD-19 pandemiyası bu yeniliklərin önəmini təsdiqlədi. Bəlkə də bu dövrdə rəqəmsallaşma bizi xüsusi təcriddən xilas etdi, çünki təhsil, sosiallaşma, iş və ümumiyyətlə, həyat onlayn rejimə keçirildi. Fondun prezidenti bu xüsusda həyata keçirdikləri layihələr, o cümlədən məktəblilər üçün “Türk dünyası muzeyləri həftəsi”, “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” mövzularında uşaq və tələbələr arasında onlayn rəsm və esse müsabiqələri, Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı onlayn konfranslar, şairin “Yeddi gözəl” poemasının elektron versiyada təqdimatı və s. barədə məlumat verib.

Günay Əfəndiyeva çıxışında beynəlxalq təşkilatların nümayəndələri olaraq mədəni irsi qorumaq, öyrənmək, təbliğ etmək və gələcək nəsillərə ötürməklə müxtəlif mədəniyyətlər arasında əlaqələrin yaradılmasının, ortaq nöqtələrin tapılmasının önəmindən də bəhs edib.

Paneldə həmçinin Namibiya beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Jenelly Matundu, Bolqarıstanın keçmiş baş naziri Simeon Sakskoburggotski, Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömər Kocaman, Dünya Aramea Şurasının prezidenti Coni Messo çıxış ediblər.