Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Vokal musiqisi axşamları” layihəsi çərçivəsində xeyriyyə konserti keçirildi.

Martın 10-da gerçəkləşən konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist, Prezident mükafatçısı və “Humay” milli mükafatı laureatı Afaq Abbasova və beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə musiqisevərlərin qarşısına çıxmışdı. Sənətçilər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirdilər.

Proqramda Səid Rüstəmovun “Gəlmədin”, Tofiq Quliyevin “Arzular”, Pikə Axundovanın “Salam, Şuşa”, eləcə də F.Cileanın “Adriana Lecouvreur” operasından Adriananın ariyası, C.Puççininin “La Rondine” operasından Maqdanın ariyası, S.Raxmaninovun “Vokalist” və digər bəstəkarların əsərləri, həmçinin xalq mahnıları da yer almışdı.

Musiqi axşamı janr və dövr baxımından maraqlı, rəngarəng idi. Konsert boyu həm vokalçı, həm də müşayiətçi mürəkkəb ifaçılıq texnikası tələb edən əsərləri, mahnı, ariya və romansları incə zövqlə tamaşaçılara təqdim edə bildilər. Afaq Abbasovanın səhnə-səs məharəti və Səidə Tağızadənin mükəmməl müşayiəti tamaşaçılarda xüsusi ovqat yaratdı. Bütün musiqi nömrələri alqışlarla qarşılandı.

Qeyd edək ki, xeyriyyə konsertindən əldə olunan vəsait “YAŞAT” Fonduna köçürüləcək.

Lalə Azəri