Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Martın 11-də keçirilən tədbirə Avstriya paytaxtında akkreditə olunan diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz qatılıblar.
AMM-in rəhbəri Leyla Qasımova çıxış edərək yaz fəslinin müjdəçisi olan Novruz bayramı haqqında qonaqlara məlumat verib. Bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus adət-ənənələrə malikdir və ölkəmizdə hər il böyük şövqlə bayram edilir. Novruzda bütün incikliklər köhnə ildə qalır, küsülülər barışır, qohum və dostlar bir-birinə baş çəkir, insanlar əsl bayram əhvalında olurlar.
Diqqətə çatdırılıb ki, Novruz bayramı 2009-cu ildə Azərbaycanın və bu bayramı qeyd edən digər ölkələrin birgə təqdimatı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyası 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib.
Tədbirdə Azərbaycan musiqiçiləri musiqi proqramı ilə çıxış ediblər. Xanəndələr Günay İmamverdiyeva, Babək Quliyev və Həzrət Əzizli Azərbaycan xalq mahnıları, muğam və təsniflərindən ibarət musiqi proqramı ilə çıxış ediblər, aşıq Samirə Əliyeva aşıq mahnıları səsləndirib. Onları Əməkdar artist Nərgiz Əliyeva (fortepiano), Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança) və Amil Mustafayev (nağara) müşayiət ediblər.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri tərəfindən ifa edilən milli rəqslərimiz də alqışlarla qarşılanıb.
Konsertdən sonra qonaqlar ziyafətə dəvət edilib, onlara Azərbaycan şirniyyatlarından ibarət bayram hədiyyələri verilib.