Aydın Dadaşovun 70 illiyi qeyd olundu

 

Martın 15-də tanınmış kinoşünas, ssenarist və rejissor, Əməkdar incəsənət xadimi, Aydın Dadaşovun anadan olmasının 70 illiyi tamam oldu. Bu münasibətlə Azərbaycan Dövlət Film Fondunda (ADFF) kino xadiminin xatirə gecəsi keçirildi.

Tədbiri ADFF-nin direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq sənətkarın ömür yoluna və yaradıcılığına nəzər saldı. Bildirdi ki, Aydın Ərşad oğlu Dadaşov 1 mart 1952-ci ildə Ağdam şəhərində dünyaya göz açıb. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) İqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr Akademiyası) dram sənəti üzrə təhsil alıb. 1982-ci ildə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarında oxuyub.

Qeyd olundu ki, Aydın Dadaşov Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) auditoriyalarında öz bilik və bacarığını tələbələrinə öyrədib. Eyni zamanda kino sənətini müxtəlif istiqamətlərdən araşdırıb. Azərbaycan sənədli kinosuna töhfələr verib.

Xalq artisti, kinorejissor Xamis Muradov, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə çıxış edərək Aydın Dadaşovla bağlı xatirələrini bölüşdülər.

Diqqətə çatdırdılar ki, Aydın Dadaşov müxtəlif illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında film direktoru, rejissor və redaktor olub. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Televiziya və radio jurnalistikası kafedrasında çalışıb. 2000-ci ildə həmin kafedranın dosenti, 2006-cı ildən isə professoru olub. ADMİU Kino və televiziya fakültəsinin Kinoşünaslıq kafedrasına rəhbərlik edib, ekran dramaturgiyası, ssenari yaradıcılığı, televiziya tənqidi kimi  fənlərin tədrisini həyata keçirib.

Vurğulandı ki, Aydın Dadaşovun zəngin kino yaradıcılığı da olub. Onun yaradıcılıq tərcümeyi-halına 30-a yaxın filmin rejissorluğu, 50-dək ekran işinin ssenari müəllifliyi yazılıb. Eyni zamanda bir neçə kinolentin direktoru və redaktoru kimi çalışıb. Professor Aydın Dadaşov 2017-ci il martın 15-də 65 yaşında vəfat edib.

Çıxışlardan sonra tanınmış kino xadiminin ssenari müəllifi olduğu və Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüş “Əks-səda” və “Balaban” sənədli filmlərinin bərpadan sonra təqdimatı keçirildi.

Qeyd edək ki, 1987-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan hər iki filmin rejissoru Xamis Muradovdur.

Sonda mərhumun oğlu Orxan Dadaşov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.

S.Fərəcov