Məmmədnaib Hacıyevin hazırladığı alətlərdən bu gün bir çox sənətçilər istifadə edir
Mütəxəssislərin fikrincə, balabanın bir musiqi aləti kimi formalaşması təxminən 4-5 min il əvvəl baş verib. Bu alətin də ifaçılıq ənənəsi ustaddan şagirdə ötürülməklə günümüzə gəlib çatıb. Belə ustadlar sırasında Əli Kərimov, Bəhruz Zeynalov, Məmmədnaib Hacıyev, Abbas Nağıyev, Mübariz Atayev, Həsrət Hüseynov, Ağasəf Seyidov və başqalarının adlarını çəkmək olar.
Çağımızda isə Əməkdar artistlər Şirzad Fətəliyev, İlham Nəcəfov, Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə və digər balaban ifaçıları sələflərinin ənənələrini layiqincə yaşadırlar.
Balaban aləti ney, sümsü, bülban, musiqar və digər nəfəs alətləri ilə müqayisədə daha mürəkkəbdir və hazırlanması da əziyyət tələb edir. Alətin hazırlanmasında uzun illər xidmət göstərmiş məşhur balabançı Məmmədnaib Hacıyevin 100 illik yubileyi martın 14-də tamam oldu. Bu sənəti yaşadanların dərin ehtiramla xatırladığı balabançını yubileyi münasibətilə yada saldıq.
Məmmədnaib Şıxəli oğlu Hacıyev 1922-ci ildə İçərişəhərdə anadan olub. Atası Hacı Şıxəli İçərişəhərdə sayılıb-seçilən, zəngin tacirlərdən idi. O, 1918-ci ildə Bakını erməni-bolşevik birləşmələrindən təmizləməyə gələn Qafqaz İslam Ordusunun ərzaqla təminatına böyük dəstək verib. Onun vətənpərvərliyini yüksək qiymətləndirən Qafqaz İslam Ordusunun komandanı, general Nuru paşa Şıxəli kişiyə xatirə olaraq gümüş qəmə (xəncər) bağışlayıb. Bu xəncər hazırda balaban ustasının İçərişəhərdəki mənzilində qorunur. Xəncərin üzərində Osmanlı sultanı Fatih Sultan Mehmetin möhürü və ay-ulduz həkk olunub.
Məmmədnaibin balabana marağı 9-10 yaşlarından başlanmışdı. O, qamışdan tütək düzəldərək el havaları ifa edərmiş. Professor Abbasqulu Nəcəfzadə balaban ustası ilə bağlı xatirəsində qeyd edir ki, xüsusilə alətdə dəmkeşlərə məxsus fasiləsiz ifa üsulunu mənimsədiyindən dövrün tanınmış klarnet ifaçıları məhz Məmmədnaibin müşayiətinə önəm verirdilər. O təkcə dəm ifa etmir, xalq mahnıları, aşıq musiqisinə bələd olduğundan həm də ifaçılıq edirdi. Balabanda məharətli ifası, tərəf-müqabili ilə məqamında tonallığa xüsusi diqqət etməsi ona sənətdə böyük hörmət qazandırmışdı.
Məmmədnaib Hacıyev 1941-1945-ci illər müharibəsinin iştirakçısı olub. Cəbhədən qayıtdıqdan sonra da öz sevimli sənətini davam etdirib. Balaban və tütək alətləri hazırlayıb, eyni zamanda bu alətlərdə ifa edib. Həmin dövrdə klarnet, balaban və tütək ifaçılarının ən çox müraciət etdikləri ünvan məhz Məmmədnaib Hacıyevin İçərişəhərdəki mənzili olub.
Sənətkarın qızı, Milli Kitabxananın direktor müavini, Əməkdar mədəniyyət işçisi Mələk Hacıyeva əzizi ilə bağlı xatirələrində uşaqlıq illərindən tanınmış balaban ifaçıları olan Bəhruz Zeynalov və Ələkbər Əsgərovun atası ilə dostluq etdiyini və onları tez-tez evlərində gördüyünü bildirir. Deyir ki, atası xarakterinə görə çox zaman televiziya çəkilişlərindən imtina etsə də, bəzən yaxın dostlarının sözünü yerə salmayıb razılıq verib. Buna görə də televiziyanın “qızıl fond”unda ifalarının lent yazılarına rast gəlmək olar. Ömrünün sonunadək balaban, onun qamışı, tütək, ney və qara zurna hazırlayan sənətkar haqqında dövrünün nəfəs çalğı alətlərinin novator-virtuoz ifaçısı olan Ələkbər Əsgərov deyərmiş: “Balaban ifaçılığında (dəmkeşliyi nəzərdə tuturdu) mənim üçün ən gözəl müşayiətçi Məmmədnaib Hacıyevdir. Tük kimi dəm verir, muğamları, rəqsləri, mahnıları gözəl bildiyindən tonallığı həmin anda dəyişir. Başqaları ilə ifa edəndə bildiyim də yadımdan çıxır...”.
Məmmədnaib Hacıyevin 100 illik yubileyi ərəfəsində Mələk Hacıyeva atasının hazırladığı gümüş balabanı Milli Konservatoriyanın baş müəllimi, Əməkdar artist, balaban ifaçısı Şirzad Fətəliyevə hədiyyə edib.
Şirzad müəllim də sənətkarı xoş xatirələrlə yad edir. Deyir ki, bəlkə də vaxtı olsa, imkan etsə, onun haqqında bir kitablıq yazı yaza, fikir söyləyə bilər. Tanışlıqlarını isə belə xatırlayır: “Haradasa 1993-1994-cü illər idi. Mənə balaban qamışı lazım idi. Məsləhət gördülər ki, Məmmədnaib ustaya müraciət edim. İçərişəhərdəki evini axtarıb tapdım. Məni çox mehriban qarşıladı. Bütün düzəltdiyi alətləri göstərdi. Ondan balaban üçün qamış almağa gəldiyimi biləndə birini də gənclərə vermək üçün mənə hədiyyə etdi. Bu gözəl qarşılanmadan sonra biz onunla mütəmadi görüşürdük. O mənə görkəmli nəfəs alətləri ifaçısı Ələkbər Ələsgərovla birgə çıxışlarından danışırdı. Düzəltdiyi alətlərdən bu gün bir çox sənət adamları istifadə edir. Onun sənətini səciyyələndirən əsas cəhət işinin ustası olması idi. Buna görə də ifaçılar ona tez-tez müraciət edirdi”.
Əməkdar artist ustadın qızının ona balaban hədiyyəsindən də danışdı: “Mələk xanımın hədiyyəsi gözlənilməz oldu. Bu həm də bir məsuliyyətdir. Ruhu şad olsun. Biz çalışacağıq ki, bu aləti səhnələrdə, konsert salonlarında səsləndirək”.
Ömrünün sonuna kimi sevdiyi sənətindən ayrılmayan Məmmədnaib Hacıyev 2005-ci ildə Bakıda vəfat edib. Ailəsində sənətini davam etdirən olmasa da, bir neçə il əvvəl əbədiyyətə qovuşan oğlu Oqtay Hacıyev nağara ifaçılığında böyük ad-san qazanıbmış.
Balabanın sədası insan səsinə daha yaxın hesab edilir. Sanki insanın iniltisinin, kədərinin səsidir balabanın səsi. Bu səsi, sənəti yaşadanların adı əbədi yaşayacaq.
Lalə Azəri