«Eurovision» müsabiqəsinə gələcək turistlərin yerləşdirilməsində problem olmamalıdır. Bu barədə məlumat verən Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovun sözlərinə görə, 2011-ci ilin sonuna qədər Bakıda 6 yeni beşulduzlu hotel, «Eurovision» musiqi yarışmasına qədər isə bir neçə 3 və 4 ulduzlu hotel istifadəyə veriləcək.
   AZTA sədri bildirib ki, artıq «Eurovision-2012» yarışmasının iştirakçısı olan ölkələr Bakıdakı hotellərdə yerlərin bronlaşdırılması ilə bağlı müraciətlər göndərməyə başlayıblar: «Fikrimcə, sentyabrdan yerdə qalan iştirakçı ölkələr də Azərbaycan paytaxtındakı hotellərdə yer bronlaşdırmaq üçün aktiv fəaliyyətə keçəcəklər».
   N.Bağırovun sözlərinə görə, böyük ehtimalla 2011-ci ilin sonuna qədər musiqi yarışmasının iştirakçıları və digər qonaqlar üçün nə qədər yer lazım olacağını müəyyənləşdirmək mümkün olacaq: «Yeni istifadəyə veriləcək hotellərdəki yerləşdirmə yerlərini də nəzərə alsaq, yəqin ki, qonaqların yerləşdirilməsində hər hansı bir problem olmayacaq. Müsabiqəyə gələn qonaqların Azərbaycandan razı getməsi üçün lazım olan bütün əlavə tədbirlər görüləcək». 
   
   Fəxriyyə Abdullayeva