Azərbaycandan Şimali Kiprə istirahətə gedən turistlər üçün yeni xidmətlər təklif olunur. Bu xidmətlərdən biri avqustun 1-dən istirahətə gələn qonaqlara Yakın Doğu Xəstəxanasında təklif edilən kekap müayinə proqramıdır. Bu barədə qəzetimizə məlumat verən «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyevin sözlərinə görə, bu müayinə üçün cəmi 100 avro ödəmək lazımdır. Əslində isə kekap müayinə paket şəklində adi xəstələrə 220 avro qiymətinə təklif olunur: «Bunu biz aksiya kimi həyata keçiririk. Gələcəkdə kekap müayinəni də Şimali Kiprə həyata keçirilən turpaketlərə pulsuz olaraq daxil etməyi nəzərdə tuturuq. Bunu Azərbaycan vətəndaşlarının istirahətlə bərabər, öz sağlamlığını da bərpa edə bilməsi məqsədilə həyata keçiririk».
    R.Quliyev onu da bildirdi ki, Bakı-Adana-Lefkoşa reysi ilə uçuşlar 2 aydır davam edir və azərbaycanlıların Şimali Kiprdə istirahətə marağı böyükdür: «Üstəlik, istirahətin qiymətini kreditlə də ödəmək mümkündür. Elə vətəndaşlarımız var ki, istirahət üçün maddi imkanı yoxdur. Biz bunu onların da dincəlmək imkanı əldə edə bilməsi üçün edirik. İş yerindən arayış gətirməklə və 20 faiz də ilkin ödəniş etməklə, 1 il müddətinə ödəmə şərti ilə, kredit turlarda iştirak etmək mümkündür. Kredit ödəmə sistemindən daha çox müalicə turlarının iştirakçıları istifadə edirlər. Çünki istirahətə hamı getməyə bilər, amma müalicə vacibdir». 
   
    Fəxriyyə Abdullayeva