Reza Deqatinin fotolarından ibarət sərgi açılıb
Martın 30-da Vyanada Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyi çərçivəsində “Qarabağın ruhu – sülhə doğru uzun yol” adlı sərginin açılışı olub. Tanınmış fotojurnalist Reza Deqatinin fotolarından ibarət sərgi Azərbaycanın Qarabağ və ətraf ərazilərinin otuz ilə yaxın erməni işğalı altında qaldığı dövrü və azad edildikdən sonrakı vəziyyəti əks etdirir.
Vyananın mərkəzindəki qalereyalardan birində keçirilən tədbiri Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli açaraq qeyd edib ki, sərginin əsas məqsədi müharibənin dəhşətlərini göstərməklə yanaşı, gələcəyə baxmaq, sülhü təbliğ etməkdir. Reza Deqatinin fotoları münaqişələri və insan faciəsini əks etdirsə də, onlar həm də gələcəyə sönməz ümid ifadə edir.
Bildirilib ki, bu sərgi daha çox münaqişədən sonra öz ata-baba yurdlarına geri dönmək istəyən insanların əzmi, vətən sevgisi, quruculuq və Qarabağın dirçəlişinə həsr olunmuş bir fotoxronikadır. R.Deqatinin vizual hekayələri regionda sülh quruculuğuna töhfədir. Onun fotoları, münaqişənin törətdiyi dağıntıların miqyası və bir zamanlar qaynar həyatın hökm sürdüyü kənd və şəhərlərin yenidən dirçəldilməsi üçün tələb olunan səylər barədə ətraflı təsəvvür yaradır.
Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov da fotosərginin əhəmiyyətindən bəhs edib. O, Qarabağda işğal, faciə, vandalizm dövrünün artıq sona çatdığını və azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinin bütün dünyaya sülh, əməkdaşlıq, humanizm çağırışı olduğunu bildirib.
Reza Deqati çıxışında bildirib ki, 40 ildən artıqdır dünyanın müxtəlif yerlərində müharibə və münaqişə bölgələrindən fotolar çəkir. Lakin o özünü hərbi fotojurnalist deyil, sülh carçısı hesab edir. O, müharibə və münaqişələr nəticəsində dağılmış məkanları və insan iztirablarını çəkməklə bəşəriyyəti müharibə və qırğınlardan çəkinməyə çağırır.
Fotoreportyor bildirib ki, intensiv şəkildə səfər etdiyi ölkələrdən biri də Azərbaycan olub və Qarabağda törədilmiş cinayətləri, insanlıq faciələrini fotolara köçürərək bütün dünyaya nümayiş etdirməyi qarşısına məqsəd qoyub. Çünki otuz ilə yaxın davam edən işğala dünya ictimaiyyəti susqunluq nümayiş etdirib. İncəsənət və mədəniyyətin gücünə inanan müəllif Azərbaycan haqqında həqiqətləri fotoların dili ilə dünyaya çatdırmaq istəyir.
Reza Deqati 2020-ci ildə 44 günlük müharibədəki Zəfərdən sonra Qarabağa ilk səfər edən xarici fotojurnalist kimi burada gördüklərindən danışaraq, erməni iddialarına da cavab verib: “Bu torpaqların öz vətəni olduğunu iddia edənlər niyə 30 il boyunca həmin əraziləri məhv etməklə məşğul olublar?”.
Müəllif sonra nümayiş etdirilən fotoların tarixçəsi və “nəql etdiyi” hekayə barədə sərgi iştirakçılarına məlumat verib. Bildirib ki, son 30 ildə bu ərazilər işğala məruz qalsa da, şəhər və kəndlər dağıdılsa da, münaqişə başa çatandan sonra Azərbaycan böyük quruculuq işlərinə başlayaraq, ağrı-acılı günləri arxada buraxır və bərpa işləri sayəsində uğurlu gələcəyə doğru irəliləməkdədir.
Fotojurnalist deyib ki, fotosərgi ilk dəfə Vyana şəhərində nümayiş olunur və onun məqsədi bu sərgini Avropa və Amerikanın böyük şəhərlərində təqdim etməkdir.
Qeyd edək ki, aprelin 14-dək davam edəcək sərgidə 100-dən artıq foto, fotolar əsasında hazırlanmış videoçarxlar, stendlər və kitablar nümayiş olunur.