Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

74 il əvvəl...

3 aprel 1948-ci ildə ABŞ Konqresi “Marşall planı”nı qəbul edib. ABŞ-ın dövlət katibi Corc Marşallın müəllifi olduğu plan II Dünya müharibəsində iqtisadiyyatı iflas etmiş Avropa ölkələrinə geniş maliyyə yardımı nəzərdə tuturdu. 17 ölkə bu yardımdan yararlandı. SSRİ sosialist təmayüllü ölkələrin yardım almasına imkan vermədi. Plan çərçivəsində 4 il ərzində Qərbi Avropa iqtisadiyyatının dirçəldilməsinə 13 milyard dollar (ABŞ-ın o vaxtkı ÜDM-inin 5 faizi həcmində) vəsait ayrıldı.

 

73 il əvvəl...

4 aprel 1949-cu ildə Vaşinqtonda NATO-nun (North Atlantic Treaty Organization – Şimali Atlantika Müqaviləsi Təşkilatı) yaranmasına dair saziş imzalanıb. Müqaviləni 12 dövlət – ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Niderland, Lüksemburq, Kanada, Danimarka, İslandiya, Norveç və Portuqaliya imzalamışdı. 1952-ci ildə Türkiyə və Yunanıstan, 1955-ci ildə AFR, 1982-ci ildə İspaniya alyansa üzv oldu. SSRİ və sosialist düşərgəsinin dağılmasından sonra NATO-nun sıraları genişləndi və hazırda 30 üzvü var.

 

62 il əvvəl...

4 aprel 1960-cı ildə Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Seneqal müstəqilliyini bəyan edib.

 

54 il əvvəl...

4 aprel 1968-ci ildə Amerikada qaradərililərin hüquqlarının müdafiəçisi Martin Lüter Kinq irqçilər tərəfindən qətlə yetirilib. Baptist pastoru olan M.Lüter Kinq 1964-cü ildə Nobel sülh mükafatına layiq görülmüşdü.

 

40 il əvvəl...

2 aprel 1982-ci ildə Böyük Britaniya ilə Argentina arasında Folklend (Malvin) adaları uğrunda müharibə başlayıb. 1832-ci ildə Britaniya imperiyasının ərazisi elan edilmiş Folklend adaları Argentinanın dəniz sərhədi (Atlantik okeanı) yaxınlığında yerləşir. Argentinanın adaları özünə birləşdirmək cəhdi uğursuz oldu və müharibə iki ay sonra Britaniyanın qələbəsi ilə başa çatdı.

 

31 il əvvəl...

2 aprel 1991-ci ildə SSRİ-də mal və məhsullara qiymətlər sərbəst buraxılıb. Qiymətin dövlət tərəfindən tənzimlənməsi aradan qaldırılıb.

 

30 il əvvəl...

1 aprel 1992-ci ildə Azərbaycanla Niderland Krallığı arasında diplomatik münasibətlər qurulub. Niderland Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanımışdı.

2 aprel 1992-ci ildə Azərbaycan Respublikası Çin Xalq Respublikası (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb), Danimarka və Yunanıstanla (hər ikisi Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) diplomatik münasibətlər qurub.

4 aprel 1992-ci ildə Azərbaycanla Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanıb.

 

29 il əvvəl...

2 aprel 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər rayonunu işğal ediblər. 27 ildən artıq işğal altında qalan Kəlbəcər 2020-ci il noyabrın 25-də, Azərbaycanın 44 günlük müharibədə tarixi Qələbəsinin nəticəsi olaraq azad edildi.

Hazırladı: V.Orxan