İstiqlal Muzeyində Soyqırımı Günü ilə bağlı tədbir
Martın 31-də Azərbaycan İstiqlal Muzeyində “Alınan qisas” adlı tədbir keçirilib.
Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirdə Bakı 3 saylı “ASAN Xidmət” Mərkəzinin əməkdaşları, Azərbaycan Dövlət Sərhəd Xidməti Xüsusi məktəbinin kursantları və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsi Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə, İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, sənətşünas, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev və rəssam Nazim Məmmədov çıxış ediblər.
Qeyd olunub ki, bədnam ermənilərin tarix boyu xalqımıza qarşı həyata keçirdiyi qırğın və talançılıq siyasətinin ən qanlı səhifəsi 1918-ci ilin mart soyqırımıdır. Həmin dövrdə erməni-bolşevik silahlı quldur dəstələri tərəfindən Bakı ilə yanaşı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə dinc azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın və talançılıq törədilib. Bu dəhşətli faciə nəticəsində minlərlə dinc sakin qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, tarixi mədəniyyət abidələri dağıdılaraq məhv edilib.
Bildirilib ki, ötən əsrdə dörd dəfə – 1905-1906, 1918-1920, 1948-1953 və 1990-cı illərin əvvəllərində havadarlarının dəstəyi ilə ermənilərin xalqımızın başına gətirdiyi müsibətlər, soyqırımı və deportasiyalar heç zaman unudulmayacaq.
Vurğulanıb ki, uzun illərdən sonra tarixi ədalət bərpa olunub, Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və milli birlik gücünü sübut edib. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük Vətən müharibəsində tarixən xalqımıza qarşı törədilən bütün amansız cinayətlərin qisası düşməndən döyüş meydanında alınıb. Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfəri yaşamaqla bərabər, bu yolda canını fəda edən igid oğulların və günahsız qurbanların əziz xatirəsini xalqımız daim qəlbində yaşadacaq.
Çıxışlardan sonra “Leonardo da Vinçi” beynəlxalq mükafatının laureatı, rəssam Nazim Məmmədovun İstiqlal Muzeyinə hədiyyə etdiyi “Məhşər günü” rəsm əsərinin təqdimatı olub. Sonda rəssama İstiqlal Muzeyinin fəxri fərmanı verilib.
Nurəddin