Azərbaycan turizminin coğrafi (naviqasiya) informasiya sistemi sosial şəbəkələrə inteqrasiya edilir. "Sinam" şirkətinin biznesin inkişafı üzrə direktoru İslam Əhmədovun sözlərinə görə, sistem guide-map.az portalında yerləşir. Onun yaradılması üzərində işlər "Sinam" şirkəti tərəfindən aparılıb. Layihənin sifarişçisi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyidir.
   
   İ.Əhmədovun sözlərinə görə, sosial şəbəkələrə inteqrasiya respublikanın elektron xəritəsinə əlavələri, xüsusilə turizm obyektlərinin, muzeylərin, tibbi müəssisələri və digər infrastrukturun koordinatları və yerləşməsi haqqında məlumatı operativ şəkildə daxil etməyə imkan verəcək: «Bu, Azərbaycanda ilk belə layihədir. Sosial şəbəkə iştirakçıları bu və ya digər görməli yerlərə daxil olaraq, onların yerləşdiyi yeri elektron xəritədə qeyd edə, link göndərə bilərlər. Bu, obyekt sahiblərinin qeydiyyat imkanlarını da asanlaşdıracaq».
   Turizm informasiya layihəsi istifadəçilərə axtarış aləti və respublikanın elektron xəritəsində turizm obyektlərinin, muzeylərin, xəstəxana və digər obyektlərin yerləşdiyi yerlərə baxmaq, turizm obyektləri haqqında məlumat əldə etməyə imkan verir. Layihənin əsas məqsədi informasiya sisteminin verəcəyi bütün imkanlardan gündəlik istifadənin təmin olunmasıdır.
   Elektron xəritə 60 mindən çox yer, şəhərlər, yaşayış məntəqələri, tarixi və mədəniyyət abidələrini, bina və tikililəri, 43 min kilometrdən çox yolları (yol hərəkəti qaydaları və yol nişanları daxil olmaqla), 23 min kilometrdən çox meşə və yaşıl zonaları və s. əhatə edir.
   

   Fəxriyyə Abdullayeva