Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

208 il əvvəl...

6 aprel 1814-cü ildə müttəfiq qoşunlarının (Rusiya, Prussiya, Avstriya və Britaniya) Parisə daxil olması ilə Napoleon Bonapart taxt-tacdan əl çəkib. Müttəfiqlər Napoleonun imperator titulunu (formal olaraq) saxlamaqla, habelə illik maddi təminat və mühafizə ayırmaqla onu Elba adasına (Aralıq dənizində) sürgün etdilər.

 

126 il əvvəl...

6 aprel 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada ilk Yay Olimpiya Oyunları başlanıb. Baron Pyer de Kubertenin təşəbbüsü ilə başlanan Olimpiya hərəkatı müasir dünyanın ən əlamətdar hadisələrindən biridir.

 

102 il əvvəl...

7 aprel 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbrizdə üsyan başlanıb. Bu, 1905-1911-ci illər inqilabından sonra İranda yaşayan azərbaycanlıların ikinci milli azadlıq hərəkatı idi. Təbrizdə kütləvi çıxışlar 1919-cu ilin avqustunda Britaniya-İran sazişinə etiraz olaraq başlamışdı. Həmin sazişə əsasən, Cənubi Azərbaycandakı ingilis hərbi qüvvələrinə geniş hökmranlıq verilmişdi. Üsyanın nəticəsi olaraq  həmin ilin iyununda Təbrizdə milli hökumət quruldu. Lakin milli hökumətin ömrü az oldu və o, sentyabrda Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.

 

93 il əvvəl...

8 aprel 1929-cu ildə VI Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycanda yeni ərazi-inzibati vahidlər – dairələr yaranıb. Respublika ərazisi (Dağlıq Qarabağ Muxtar Vilayəti və Naxçıvan MSSR istisna olmaqla) Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa və Muğan dairələrinə bölünüb. Bundan öncə, 1921-ci ildə Azərbaycan SSR-də ərazi-inzibati bölgüsü olaraq 17 qəza (Bakı, Gəncə, Ağdaş, Göyçay, Cəbrayıl-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Nuxa, Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) təşkil olunmuşdu.

 

82 il əvvəl...

8 aprel 1940-cı ildə NKVD-nin (SSRİ Daxili İşlər Xalq Komissarlığı) qərarı ilə Smolensk yaxınlığındakı Katın meşəsində repressiya olunmuş 4 minə yaxın polyak əsilli zabit güllələnib. Repressiyanın səbəbi kimi onların antisovet qiyamına hazırlaşdığı göstərilirdi. SSRİ Katın faciəsinə görə M.Qorbaçovun dövründə Polşadan üzr istədi.

 

77 il əvvəl...

5 aprel 1945-ci ildə Yalta konfransının (SSRİ, Böyük Britaniya, ABŞ) öhdəliyinə əsasən, SSRİ Yaponiya ilə neytrallıq haqqında müqaviləni (1941-ci il aprelin 13-də imzalanmışdı) qüvvədən salaraq ona müharibə elan edib. Alman faşizminin süqut etdiyi bir vaxtda Uzaq Şərqdə təhdid doğuran Yaponiyanın öhdəsindən gəlmək SSRİ-nin üzərinə qoyulmuşdu.

 

76 il əvvəl...

7 aprel 1946-cı ildə Dünya Səhiyyə Təşkilatı fəaliyyətə başlayıb. BMT-nin üzvü olan 26 dövlət təşkilatın nizamnaməsini ratifikasiya edib və sənəd qüvvəyə minib. 7 aprel Dünya Səhiyyə Günü kimi qeyd olunur.

 

54 il əvvəl...

5 aprel 1968-ci ildə Çexoslovakiyada “Praqa baharı” başlanıb. Ölkənin kommunist rəhbərliyi liberal və demokratik siyasət proqramı qəbul edib. Lakin Moskva bu kursu kommunizm platformasından uzaqlaşmaq kimi qiymətləndirdi və Çexoslovakiyaya hərbi qüvvə yeridildi.

 

30 il əvvəl...

7 aprel 1992-ci ildə Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik münasibətlər qurulub. İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdı.

8 aprel 1992-ci ildə Ermənistan silahlı dəstələri Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək kütləvi qırğın törədiblər. 130 evdən ibarət kənd yandırılıb, kəndin 39 sakini (o cümlədən 8 qoca, 2 uşaq, 9 qadın) qətlə yetirilib.

 

29 il əvvəl...

5 aprel 1993-cü ildə Azərbaycan Respublikası ilə Malayziya arasında diplomatik əlaqələr qurulub. Malayziya ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb.

Hazırladı: V.Orxan