(Əvvəli ötən sayımızda)
   
   1974-cü il 21 may tarixli “Respublikada xarici turizmin gələcək inkişafına dair tədbirlər haqqında” və 1977-ci ilin 11 fevral tarixli “Xarici turizm idarəsinin işində ciddi çatışmazlıqlar haqqında” qərarlar respublikada xarici turizm sahəsində problemlərin aradan qaldırılmasına yardım etdi. Xarici turizmin maddi-texniki bazasını genişləndirmək məqsədilə 1973-cü ildə Bakıda ən böyük mehmanxana kompleksi olan (1042 yataq yerli) “Azərbaycan” mehmanxanası istifadəyə verildi. 1978-ci ildə “İnturist”in şəbəkəsinə 200 yerlik komfortlu “Moskva” mehmanxanası əlavə edildi. Şəkidəki XVII əsrə aid olan karvansarada bərpa işləri aparıldıqdan sonra 1980-ci ildən etibarən Bakı-Şəki-Telavi-Tbilisi avtobus marşrutu (və əks istiqamətdə) ilə respublikaya gəlib-gedən xarici turistlər həmin karvansaranın xidmətlərindən istifadə etməyə başladılar.
   Respublika rəhbərliyi tərəfindən görülən tədbirlər xarici turizmin inkişafına təkan verdi. Nazirlər Sovetinin nəzdində Xarici Turizm İdarəsi yaradıldı. İdarə respublika Nazirlər Sovetinin tabeliyində olsa da, ona Moskva - SSRİ Xarici Turizm Komitəsinin Baş İdarəsi bilavasitə rəhbərlik edirdi.
   1978-ci ildə “İnturist”in Bakı bölməsinin tabeliyində yerlərin ümumi sayı 1500 olan 4 obyekti - “Azərbaycan”, “Moskva”, “İnturist” mehmanxanaları və Şəkidəki “Karvansara” turist kompleksi mövcud idi. Əcnəbi turistlərlə yanaşı, SSRİ-nin digər respublikalarından Azərbaycana gələn turist qrupları, nümayəndə heyətləri, mədəniyyət və idman tədbirlərinin iştirakçıları da bu obyektlərdə yerləşdirilirdi.
   Bu dövrdə respublikamızın turizm imkanlarının təbliği istiqamətində də işlər görülürdü. Azərbaycanın Xarici Turizm üzrə Baş İdarəsi və SSRİ Xarici Turizm üzrə Dövlət Komitəsinin (“Qoskominturist”) Bakı bölməsi SSRİ-nin populyar turizm mərkəzlərində Azərbaycanın turizm imkanlarından bəhs edən fotoşərgillər və milli mətbəx dekadaları keçirirdi. Respublikaya xarici turist axını artmaqda idi.
   1974-cü ildə Azərbaycana 18605, 1975-ci ildə 27550, 1976-cı ildə 24740, 1977-ci ildə 24322, 1978-ci ildə 20590, 1979-cu ildə 21426 xarici turist gəlmişdi.
   1979-cu ilin sentyabrında “İnturist”in birbaşa iştirakı ilə Bakıda “Rumıniya-turizm ölkəsi, dostlar diyarı” adlı sərgi keçirildi. Həmin ilin dekabrında Macarıstan, Bolqarıstan, Çexoslovakiya, Polşa, ADR (Şərqi Almaniya) nümayəndələrinin iştirakı ilə Bakıda turizm sərgisi təşkil olundu.
   80-ci illərdə də Azərbaycana gələn xarici turistlərin sayı stabil olaraq artmaqda idi. 1981-ci ildə respublikamıza 28680, 1982-ci ildə 31698, 1983-cü ildə 43177, 1984-cü ildə 41979, 1985-ci ildə 47898 nəfər xarici turist gəlmişdi. Onu da qeyd edək ki, 1983-cü ildə Bakıya ilk dəfə az sayda olsa da, Küveytdən, Pakistandan, İsraildən və Suriyadan turist qrupları gəlmişdi. Asiya, Afrika, Latın Amerikası ölkələrindən, Türkiyə, Kanada, ABŞ, AFR-dən (Qərbi Almaniya) Bakıya turist agentlərinin gəlmələri Azərbaycana artan marağın göstəricisi idi.
   Eyni zamanda, “İnturist”in Bakı bölməsi 1980-ci ilin martından başlayaraq SSRİ-nin müxtəlif turizm mərkəzlərində “İnturist” sisteminin yüksək səviyyəli mehmanxanalarında yerləşdirmək şərti ilə respublika vətəndaşları üçün maraqlı səyahətlər təşkil etməyə başladı.
   1986-cı ilin fevralında Parisdə II Beynəlxalq turizm və səyahətlər salonu keçirildi. Bu tədbirdə dünyanın 100-dən artıq ölkəsindən 710 turizm, nəqliyyat və reklam şirkətləri iştirak etmişdilər. Fransa cəmiyyətində Azərbaycanın ekspozisiyası böyük marağa səbəb oldu. Azərbaycan ekspozisiyası respublikamızda beynəlxalq turizm sahəsində əldə edilən nailiyyətlərdən bəhs edirdi. 1986-cı ilin aprelində “Bolqarıstan - turizm və dostluq ölkəsi” ekspozisiyası bakılıların marağına səbəb oldu. Ekspozisiya Bolqarıstanın turizm və istirahət Assosiasiyası və respublikamızın Xarici Turizm İdarəsi tərəfindən təşkil olunmuşdu.
   1987-ci ildə Azərbaycana 63133 xarici vətəndaş gəlmişdi ki, onların da 59861 nəfəri turist idi. Respublikaya gələn əcnəbi turistlərin 70% sosialist ölkələrinin nümayəndələri idi.
   “İnturist”in Bakı bölməsinin nəzdində nəqliyyat müəssisəsinin (avtobus və minik avtomobillərin) və təmir-tikinti idarəsinin mövcud olması ümumi işə müsbət təsir göstərirdi. 1983-1988-ci illərdə təmir-tikinti idarəsi tərəfindən Bakıdakı “İnturist” mehmanxanasında yenidənqurma işləri, “Azərbaycan”, “Moskva”, Şəkidəki “Karvansaray” mehmanxanalarında, Bakıda (“İçərişəhər”də yerləşən “Multani” restoranında təmir-tikinti işləri aparılmışdı. Eləcə də Abşeronun Zuğulba çimərliyində yerləşən “İnturist”in istirahət zonasında və Bakı-Şamaxı-Şəki-Telavi-Tbilisi marşrutunun Azərbaycan hissəsində turistlərin istirahəti üçün şərait və xidmət səviyyəsi yaxşılaşdırılmışdı. Bundan əlavə, “İnturist” xarici turistlər üçün “ovçuluq turları” da təşkil etməyə başlamışdı.
   1988-ci ildə Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələr nəticəsində Azərbaycanda həm daxili, həm də xarici turist axını da xeyli azalmışdı. Bununla belə, 1988-1989-cu illərdə yerli turizm təşkilatları SSRİ-nin müvafiq turizm təşkilatları ilə qarşılıqlı əlverişli əlaqələrin saxlanılması üçün böyük səylər göstərirdi. Lakin bütövlükdə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda vəziyyətin qeyri-sabit olması turizm sahəsinin vəziyyətinə mənfi təsir göstərirdi.
   1989-cu ildə Türkiyənin “Esin” turizm şirkəti və respublikamızın “Azinterservis” turizm təşkilatı arasında qeyri-valyuta əsasında turist qruplarının mübadiləsi üçün saziş imzalandı. 1990-cı ildə respublikamızda gərgin siyasi və iqtisadi vəziyyətin mövcud olmasına baxmayaraq, Azərbaycana dünyanın 40 ölkəsindən turistlər gəlmişdi. Ümumilikdə 10 il ərzində (1980-1990) Azərbaycana gələn turistlərin sayı dörd dəfədən də çox artmışdı. Eyni zamanda, 1989-cu ildə minlərlə respublika əhalisi xarici ölkələrə (əsasən İran və Türkiyə) səyahət etmişdi.
   1989-cu ilin əvvəllərində Azərbaycan SSR Nazirlər Soveti nəzdində fəaliyyət göstərən Xarici Turizm üzrə İdarədə struktur dəyişiklikləri aparıldı və vahid təsərrüfat hesablı “Azintur” təşkilatı yaradıldı. Onun əsas məqsədi həm “Qoskominturist” (Moskva) xətti ilə, həm də birbaşa razılaşmalara əsasən xarici turizmin bütün növlərini Azərbaycanda inkişaf etdirmək idi. 1990-cı ildə “Azintur” turizminin 10-dan artıq növü üzrə (qrup, fərdi, peşə üzrə, ovçuluq, biznes, konqres və digər) turlar təklif etməyə başladı. 1990-cı ildə “Azintur” İran turizm təşkilatı ilə turizmin inkişafına dair müqavilə imzaladı.
   1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdi. Xarici turizmin dövlət tənzimlənməsini həyata keçirmək, Azərbaycan vətəndaşlarının turist kimi xarici ölkələrə getməsini və əcnəbi vətəndaşların respublikaya gəlməsini, nazirlik və müəssisələrin xarici turizm sahəsində fəaliyyətini əlaqələndirmək məqsədilə 1991-ci il sentyabrın 25-də Xarici Turizm üzrə İdarə ləğv olundu və onun bazasında Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xarici Turizm üzrə Şura yaradıldı. Nazirlər Kabinetinin 18 noyabr 1991-ci il tarixli 353 saylı sərəncamı ilə Şuranın Nizamnaməsi təsdiqləndi.
   1993-cü ildə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra ölkə həyatının digər sahələrində olduğu kimi, turizm sahəsində inkişaf başlandı. Azərbaycanın dünya təsərrüfatı sistemində özünə layiq yer tutması üçün onun xarici iqtisadi, o cümlədən, turizm əlaqələrinin inkişafı müstəsna əhəmiyyət kəsb edirdi. Çünki 80-ci illərin sonu - 90-cı illərin əvvəlində yaşanan böhranlı proseslər nəticəsində xarici ölkələrlə turizm əlaqələri pozulmuş, respublikamıza turist axını kəskin surətdə azalmış, mehmanxana təsərrüfatı bərbad hala düşmüş, dövlət mühüm valyuta mənbəyindən məhrum olmuşdu. Respublika Nazirlər Kabineti xarici turizmin təşkilində və tənzimlənməsində mövcud olan çatışmazlıqları aradan qaldırmaq və bu sahənin potensialının səmərəli istifadə olunmasını təmin etmək məqsədilə “Respublikada xarici turizmin inkişafı və tənzimlənməsi tədbirləri haqqında” 4 noyabr 1993-cü il tarixli 554 saylı qərar qəbul etdi. Azərbaycana xarici ölkələrdən gələn turistlərin qəbulu və onlara kompleks xidmət göstərmək, respublika vətəndaşları üçün xarici ölkələrə səyahətlərin təşkili və qanuna müvafiq digər fəaliyyət növlərinin göstərilməsi Nazirlər Kabineti yanında Xarici Turizm Şurası nəzdində (xarici turizm şurası kollegiyasının 25 noyabr 1993-cü il tarixli, 10 saylı qərarına əsasən) Bakı şəhərində yerləşən “Azərtur” turizm müəssisəsi yaradıldı.
   90-cı illərin ortalarında respublikada çoxsaylı özəl kommersiya turizm şirkətləri və agentliklərin yaranmasına baxmayaraq, Xarici Turizm Şurası turizmdən əldə edilən gəlirin həcminə görə lider təşkilat idi. Şura Azərbaycanda bütün xarici turizm sistemini tənzimləyən dövlət orqanı kimi yaradılmışdı. Bu təşkilata xarici turizmin inkişafının dövlət siyasətini, onun maddi-texniki bazasının inkişaf proqramlarının hazırlanması, respublikamızın digər ölkələrlə beynəlxalq turizm əlaqələrinin genişlənməsi, respublikamızda xarici turizmlə məşğul olan nazirlik, dövlət komitələri, təşkilatlar, müəssisələr, şirkətlərin fəaliyyətlərini koordinasiya və nəzarət etmək həvalə olunmuşdu. Bundan əlavə, respublikada xarici turizmlə məşğul olan bütün təşkilatlar üçün xarici turistlərə lazımi xidmət səviyyəsinin müəyyən edilməsi üçün normativ sənədlərin işlənib hazırlanması, dövlətlərarası beynəlxalq müqavilələr və razılaşmalar üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarətin təmin olunması məsələləri də bu quruma tapşırılmışdı.
   Onu da qeyd edək ki, Xarici Turizm şurası 1995-ci ildə Azərbaycanda xarici turizmin inkişafına dair iqtisadi, sosial-coğrafi və hüquqi cəhətdən əsaslandırılmış konsepsiyanın ilkin variantını hazırlamışdı. Bu konsepsiyada Azərbaycanda xarici turizmin inkişafı və xidmət dairəsinin genişləndirilməsi üçün lazımi tədbirlərin görülməsi nəzərdə tutulmuşdu. Nazirlər Kabinetinin 1995-ci il 13 fevral tarixli, 28 saylı qərarı ilə Xarici Turizm Şurasının Nizamnaməsində dəyişikliklər edildi. Dəyişiklərə əsasən, Xarici Turizm Şurasının aparatı tabeliyindəki təsərrüfat hesablı təşkilatların - “Azərbaycan”, “Moskva”, “İnturist” və “Karvansaray” (Şəki) mehmanxanaları, “Karvansaray” restoranı (Bakı) və digər struktur bölmələrinin mənfəətindən ayırmalar hesabına saxlanılırdı.
   Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli, 464 saylı fərmanı ilə dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Nazirlər Kabineti yanında Xarici Turizm Şurası ləğv edildi. Fərmana əsasən, turizm sahəsinin idarə olunması yeni təşkil olunan nazirliyə - Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinə verildi.
   Sonrakı illər göstərdi ki, turizm sahəsinə rəhbərliyin nazirlik səviyyəsinə qaldırılması çox uğurlu addım idi. Yeni nazirlik ilk günlərdən turizm sahəsinin inkişafı, Azərbaycanın dünya turizm bazarına inteqrasiyası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətə başladı. 2001-ci il sentyabrın 25-də Koreya Respublikasının paytaxtı Seulda keçirilən Dünya Turizm Təşkilatının XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turizm təşkilatına üzv oldu. Bu isə öz növbəsində respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr və praktiki köməklik edilməsinə imkan yaratdı.
   
   Sabir Rəhimov, 
   AHİK-in Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini
   
   (Ardı var)