Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un fəaliyyət istiqamətlərindən birini qardaş xalqların görkəmli ədəbiyyat xadimlərinin tanıdılması təşkil edir. Bu xüsusda növbəti tədbir çağdaş özbək ədəbiyyatının tanınmış nümayəndələrindən olan şair Məhəmməd Yusufun (1954-2001) xatirəsinə həsr olunub.

Aprelin 5-də TÜRKSOY-un qərargahında şairin seçilmiş əsərlərindən ibarət kitabın təqdimatı keçirilib.

Tədbirdə TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, Özbəkistanın Ankaradakı səfiri Əlişir Azamhocayev, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Nadir Canuzak açılış nitqi söyləyiblər.

Bilal Çakıcı şeirləri ilə xalqının duyğularını dilə gətirən görkəmli özbək şairinin kitabını türkiyəli oxuculara təqdim etməkdən qürur duyduqlarını deyib. Vurğulayıb ki, Məhəmməd Yusufun qısa ömründə qələmə aldığı şeirlər bu gün də öz dəyərini qoruyub saxlayır, gənc nəsillər üçün ilham mənbəyi olmaqda davam edir.

Təqdim olunan nəşrin əhəmiyyətindən bəhs edən B.Çakıcı bildirib ki, TÜRKSOY,  digər sahələrdə olduğu kimi, Türk dünyasını ədəbiyyat baxımından da yaxınlaşdırmaq, əlaqələrini gücləndirmək məqsədilə belə nəşrlərin ərsəyə gəlməsinə dəstək verir: “Məhəmməd Yusufun kitabını ilk dəfə türk dilinə çevirərək Özbəkistan Dövlət İncəsənət və Sivilizasiya İnstitutu ilə birgə nəşr etdik. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm...”.

Açılış nitqlərindən sonra “Məhəmməd Yusuf. Seçmələr” kitabının rəmzi lenti kəsilib.

Özbəkistan Dövlət İncəsənət və Sivilizasiya İnstitutunun şöbə müdiri  Marufjon Yuldaşev, institutun Özbək dili və ədəbiyyatı kafedrasının müdiri Dilnoza Jumayeva, Ankara Hacı Bayram Vəli Universiteti Ədəbiyyat fakültəsinin müəllimi Vəli Savaş Yelok və digər çıxış edənlər şairin həyat yolu, yaradıcılığı haqqında danışıblar.

Mehparə Sultanova
Ankara