Vətən müharibəsi şəhidi, istedadlı tuba ifaçısı Tamerlan Mahmudovun xatirəsi aprelin 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) keçirilən konsertlə yad edilib.

Xatirə konserti Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Ü.Hacıbəyli adına BMA-nın birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar incəsənət xadimi Əlibala Rzayev çıxış ediblər.

Çıxışlarda şəhid T.Mahmudovun istedadlı musiqiçi olması, Vətən müharibəsinə könüllü getməsi, qəhrəmanlığı haqqında söz açılıb.

Şəhidin ailə üzvü Aygün Cabbarova Tamerlanın xatirəsinin əziz tutulduğu, ruhunun yad edildiyi üçün tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Sonra T.Mahmudova həsr olunmuş videoçarx təqdim edilib.

Xatirə konsertində Xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğu “Detaşe”, skripkaçılar ansamblı və Əməkdar incəsənət xadimi Əlibala Rzayevin dirijorluğu ilə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri çıxış edib.

Proqramda F.Şubertin “Ave Mariya”, Səid Rüstəmovun “İntizar”, F.Bədəlbəylinin “Zəfər” marşı, Q.Qarayevin “Azərbaycan marşı”, Y.Ştrausun “Radetski” marşı, Ü.Hacıbəylinin “Arazbarı” ritmik muğamı, T.Quliyevin “Görüş” filminə yazdığı “Vals”, J.Hornerin “Zorro maskası”, A.Silvestrinin “Kapitan Amerika” marşı, Azərbaycan bəstəkarlarının nümunələrindən ibarət “Fantaziya” və Ə.Rzayevin “Zəfər sevinci” əsərləri səsləndirilib.

Tamerlan Fuad oğlu Mahmudov 1995-ci ildə anadan olub. Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 2 saylı internat məktəbində təhsil alıb. Burada müəllimi Rafael Əzimovdan tuba ifaçılığının sirlərini öyrənib. 2011-ci ildə Dövlət Sərhəd Xidmətinin Nümunəvi hərbi orkestrinə musiqiçi kimi qəbul olunub. Sonra həqiqi hərbi xidmətdə olub. Qayıtdıqdan sonra da müxtəlif hərbi orkestrlərdə fəaliyyət göstərib. Musiqi Kollecində təhsilini davam etdirib.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinə könüllü gedən Tamerlan Mahmudov 18 oktyabrda şəhidlik zirvəsinə yüksəlib.