Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş milli animasiya filmlərimiz ilk dəfə keçirilən Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent İnternational Animation Forum) göstəriləcək.

Özbəkistanın paytaxtında forum aprelin 18-dən 22-dək davam edəcək.

“Azərbaycan animasiyasının 50 illiyi” proqramının kuratoru “Animafilm” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevdir. O, həmçinin foruma beynəlxalq münsiflər heyətinin üzvü kimi dəvət edilib. Bir sıra animasiya filmlərinin müəllifi Elçin Hami Axundov da Daşkənd forumunun qonağı olacaq.

“Azərbaycan animasiyasının 50 illiyi” proqramı bundan əvvəl Polşa, Yunanıstan və Gürcüstanda keçirilən festivallarda təqdim olunub. Proqrama “Cırtdan”, “Tıq-tıq xanım”, “Cırtdan-pəhləvan”, “Anam ağaca çıxıb” və digər filmlər daxildir.

Daşkənd Beynəlxalq Animasiya Forumunda Mərkəzi Asiya ölkələri, İsrail, Azərbaycan, Gürcüstan, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri bir araya gələcəklər.