Xalq artisti, görkəmli rəqqasə, baletmeyster və pedaqoq Əminə Dilbazi (1919-2010) haqqında 1992-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınan “Prima” sənədli filmi Dövlət Film Fondunda bərpa edilib. Aprelin 22-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində sənədli filmin bərpadan sonra təqdimatı keçirildi.
Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq bildirdi ki, Əminə Dilbazinin adı ölkəmizdə professional və özfəaliyyət rəqs ansambllarının yaradılması ilə sıx bağlıdır. O, 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə isə “Sevinc” qızlar ansamblını yaradıb. Sonra zəngin pedaqoji təcrübəsini milli xoreoqrafiyanın inkişafına yönəldib. Xalq rəqslərinin yeni ifaçılar nəslinin hazırlanması sahəsində yorulmadan çalışıb. Bununla da klassik milli rəqslərimizi yeni ifa tərzi ilə zənginləşdirib.
Qeyd olundu ki, görkəmli sənətkarın “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları və digər əsərlərdə ifa etdiyi “İnnabı”, “Tərəkəmə”, “Vağzalı-Mirzəyi”, “Turacı”, “Naz eləmə” rəqsləri maraqla qarşılanıb. O həm də “Əzablı yollar”, “Mən mahnı qoşuram”, “Ulduz” və s. filmlərin xoreoqrafı olub.
Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev ekran işi haqqında söz açdı. Dedi ki, film texniki baxımdan yaxşı deyildi. Ona görə də qərara gəldik ki, bərpa olunsun. Filmin bərpası və yenidən nümayişi görkəmli sənətkarın yaradıcılığının təbliği baxımından çox əhəmiyyətlidir.
Cəmil Quliyev filmin rejissoru, Xalq artisti Tofiq İsmayılovdan da danışdı. Qeyd etdi ki, o, bir müddət “Azərbaycanfilm” Kinostudiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində çalışıb. Həm də kinostudiyanın nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub.
Direktor çıxışının sonunda filmin elektron nüsxəsini muzeyə hədiyyə etdi.
Tədbirdə daha sonra filmin rejissoru Tofiq İsmayılovun qızı Sevinc Rzayeva çıxış edərək atasının film üzərindəki yaradıcılıq işindən danışdı. Filmin operatoru, Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov, Əməkdar artist Ötkəm İsgəndərov, Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadə Əminə Dilbazi ilə bağlı xatirələrini bölüşdülər. Qeyd edildi ki, sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib. Bənzərsiz ifaçılığı ilə xalq rəqslərini zənginləşdirib.
Əminə Dilbazinin oğlu Mikayıl Hacıyev çıxış edərək ailələri adından tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Tədbir “Prima” sənədli filminin bərpa olunmuş yeni variantının nümayişi ilə başa çatdı.
Savalan Fərəcov