Azərbaycanlı biznesmenlərin mehmanxanası dünyanın ən yaxşı hoteli seçilib
   
   Rusiya paytaxtındakı “Redisson Royal, Moskva” mehmanxanası (keçmiş “Ukrayna” mehmanxanası) “World Travel Awards-2011” müsabiqəsinin yenidən qalibi olub. “World Travel Awards” müsabiqəsi mehmanxana-turizm biznesinin bütün peşəkarları üçün nüfuzlu yarışmadır.
   “Redisson Royal, Moskva” mehmanxanası ən yaxşı hotellərin dünya reytinqində yenidən lider olub və “Rusiyada “lyuks” dərəcəli ən yaxşı hotel (Russias Leading Luxury Hotel-2011) və “Avropada “lyuks” dərəcəli ən yaxşı biznes-hotel” (Europes Leading Luxury Business Hotel-2011) nominasiyalarında qalib adını qazanıb.
   Qeyd etmək lazımdır ki, mehmanxana həmvətənlərimizə, Rusiyanın tanınmış sahibkarları Qod Nisanova və İlham Rəhimova məxsusdur.
   ”World Travel Awards” müsabiqəsi 1993-cü ildən keçirilir və turizm bazasının ən görkəmli iştirakçılarının nailiyyətlərini qiymətləndirir. Dünyanın 200 ölkəsindən olan aparıcı turoperatorların səsverməsinin nəticələri üzrə qalib elan edilir. Müxtəlif nominasiyaların qalibləri WTA emblemindən turizm sahəsində keyfiyyət rəmzi kimi istifadə etmək imkanı qazanırlar. Dünya turizm sənayesinin ekspertləri bu müsabiqəni ən hərtərəfli və nüfuzlu müsabiqə, turizm sənayesində “Oskar”ın bənzəri hesab edirlər.
   “Redisson Royal, Moskva” mehmanxanası 2011-ci ilin müsabiqəsində qalib adını qazanmaqla nəinki keçən ilki qələbəni təsdiqləyib, həmçinin mehmanxana-turizm sahəsində nüfuzunun artdığını bir daha nümayiş etdirib.