Zamanın səhifələrində qalan olaylar, faktlar...
147 il əvvəl...
7 may 1875-ci ildə Rusiya ilə Yaponiya arasında ərazi mübadiləsi haqqında saziş imzalanıb. Saziş tərəflərin Kuril adaları və Saxalinə iddialarını tənzimləyirdi. Rusiya Kuril adalarını Yaponiyaya güzəştə gedib. Əvəzində Yaponiya Saxalin adasına iddialardan əl çəkib.
141 il əvvəl...
6 may 1881-ci ildə Mərkəzi Asiyadakı Axal-Təkə torpaqları (indiki Türkmənistanın bir hissəsi) Rusiyaya birləşdirilib.
107 il əvvəl...
7 may 1915-ci ildə Birinci Dünya müharibəsi gedişində Almaniya hərbi dəniz qüvvələri ilk dəfə sualtı qayıqla mülki sərnişin gəmisinə hücum ediblər. Nyu-York-Liverpul reysi üzrə hərəkət edən Britaniyaya məxsus “Luzitan” gəmisinin İrlandiya yaxınlığında batırılması nəticəsində 1200 nəfər, o cümlədən Britaniyanın hərbi naziri Lord Kitçener həlak olmuşdu.
103 il əvvəl...
5 may 1919-cu ildə İsveçrədə Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Liqası təsis edilib. Hazırda Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası adı altında fəaliyyət göstərir. Mənzil-qərargahı Cenevrə şəhərindədir.
102 il əvvəl...
5 may 1920-ci ildə Azərbaycanda bolşevik hökuməti – Müvəqqəti İnqilab Komitəsi bütün xan, bəy və vəqf torpaqlarının müsadirə olunaraq əvəzi ödənilmədən kəndlilərin istifadəsinə verilməsi barədə qərar qəbul edib. Üstündən bir neçə il ötəndən sonra həmin torpaqlar kəndlilərdən zorla geri alınaraq kolxoz təsərrüfatlarına verildi.
101 il əvvəl...
6 may 1921-ci ildə I Ümumazərbaycan sovetlər qurultayı işə başlayıb. Qurultayda Azərbaycan SSR-nin ilk Konstitusiyası qəbul olunub. Müvəqqəti İnqilab Komitəsi və yerlərdəki inqilab və yoxsul komitələri ləğv edilib, ali qanunverici orqan olaraq Mərkəzi İcraiyyə Komitəsi (MİK) və yerli sovetlər yaradılıb. 1921-1937-ci illərdə Ümumazərbaycan sovetlərinin 9 qurultayı keçirildi və 1938-ci ildə bu qurumu Ali Sovet əvəzlədi.
77 il əvvəl...
8 may 1945-ci ildə faşist Almaniyasının qeyd-şərtsiz kapitulyasiyasına dair akt imzalanıb. Berlin yaxınlığındakı Karlsxort şəhərciyində yerli vaxtla saat 22:43-də imzalanan akta Almaniya tərəfdən Vermaxtın (alman ordusunun) baş qərargah rəisi general-feldmarşal V.Keytel, Almaniyanın hərbi dəniz qüvvələrinin baş komandanı fon Frideburq, hava qüvvələrinin komandanı general-polkovnik Q.Ştumpf imza atmışdı. SSRİ tərəfdən sənədi marşal G.Jukov, müttəfiqlər adından Britaniyanın aviasiya marşalı A.Tedder imzalamışdı. Aktın imzalanması Moskva vaxtı ilə mayın 9-na düşdüyündən SSRİ-də Qələbə Günü 9 may elan olundu. Avropada isə faşizm üzərində qələbə mayın 8-də qeyd edilir.
30 il əvvəl...
8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhərini işğal ediblər. Şuşanın işğalı həmin dövrdə respublikadakı faktiki hakimiyyətsizliyin, ordu hissələrinin siyasi oyunlara cəlb edilməsinin nəticəsi idi. Ermənilər Şuşanın işğalı ilə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər, Azərbaycanın bölgədə mühüm strateji mövqeyi əldən verməsi sonrakı itkilərə zəmin yaratdı. 28 il 6 ay işğal altında qalan Şuşa şəhəri 2020-ci ilin 44 günlük Vətən müharibəsində, noyabrın 8-də müzəffər Azərbaycan Ordusu tərəfindən azad edildi.
Hazırladı: V.Orxan