ABŞ paytaxtında Qarabağ ünvanlı xeyriyyə konserti

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycanın ABŞ-dakı Səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə mayın 3-də Vaşinqton şəhərində “Xarıbülbülün səsi” (“The Voice of Orchid”) adlı xeyriyyə konserti keçirilib.

Vaşinqtondakı məşhur Kennedi Mərkəzində təşkil olunan tədbirə ABŞ-ın Marşal İrsi İnstitutu da dəstək verib. Qeyd edək ki, xeyriyyə konserti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə kömək məqsədilə təşkil edilib. Konsertdən əldə olunan vəsait Marşal İrsi İnstitutu tərəfindən işğaldan azad olunmuş ərazilərə minaaxtaran itlərin göndərilməsi üçün sərf olunacaq.

Konsertdə tamaşaçı qismində ABŞ ictimai-siyasi dairələrinin təmsilçiləri, konqres üzvləri, səfirlər, beyin mərkəzlərinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və çoxsaylı amerikalı iştirak edib.

Konsertdən əvvəl Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, ölkəmizin ABŞ-dakı səfiri Xəzər İbrahim, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, Marşal İrsi İnstitutunun icraçı direktoru Elis Beker çıxış ediblər. Nazir Anar Kərimov Azərbaycan musiqisi barədə tamaşaçılara məlumat verib, Vaşinqtonun Kennedi Mərkəzində belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Əməkdar artist, dirijor Fuad İbrahimovun idarə etdiyi Bakı Kamera Orkestrinin (Baku Chamber Orcestra) müşayiəti ilə konsert proqramı təqdim olunub. Konsertdə Xalq artistləri – müğənnilər Nəzakət Teymurova, Brilyant Dadaşova, qarmon ifaçısı Ənvər Sadıqov, tarzən Elşən Mənsurov, Əməkdar artistlər – müğənni Abbas Bağırov, tarzən Əliağa Sədiyev, nağara ifaçısı Kamran Kərimov, eləcə də tarzən Arslan Növrəsli, Cəlal Kərimov və başqa sənətçilərimiz çıxış ediblər. Proqramda Azərbaycan musiqisindən seçmə nümunələr – xalq mahnıları və muğamlardan parçalar, estrada mahnıları yer alıb.