Xəbər verildiyi kimi, Azərbaycanın bir qrup kinematoqrafçısı Avropa Film Akademiyasına (European Film Academy – EFA) üzv qəbul olunub. Akademiyanın üzvləri sırasında Xalq artisti, rejissor Vaqif Mustafayev, Əməkdar incəsənət xadimləri – rejissor, operator Rafiq Quliyev, rejissor Elçin Musaoğlu, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev, kinoşünas Ayaz Salayev, eləcə də Bakı Media Mərkəzinin icraçı direktoru, rejissor, prodüser Orman Əliyev, rejissorlar Teymur Hacıyev, Elvin Adıgözəl, İlqar Nəcəf, İradə Bağırzadə və Asif Rüstəmov yer alıb.
EFA-ya üzv olanlar arasında Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri, kinorejissor, bir sıra beynəlxalq festivalların qalibi Rüfət Həsənov da var.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino-televiziya sənətləri kafedrasının müdiri, professor Rafiq Quliyev bildirir ki, Avropa Film Akademiyasının üzvü olmaq Azərbaycan kinosunun inkişafına və gələcəkdə dünyada tanınmasına zəmin yaradacaq. 12 kino xadiminin bir mərhələdə EFA-ya üzv qəbul edilməsi Azərbaycanda onların tələblərinə, meyarlarına uyğun sənətçilərin olmasının təsdiqi deməkdir.
Qeyd edək ki, Avropa Film Akademiyasının əsası 1988-ci ildə dünya şöhrətli İsveç teatr və kino rejissoru İnqmar Berqmanın təşəbbüsü və Avropanın müxtəlif ölkələrindən 40 rejissorun iştirakı ilə qoyulub. Həmin il Avropa Kino Cəmiyyəti təsis olunub və iki il sonra cəmiyyət Avropa Film Akademiyası adlandırılıb.
Avropada kino sənayesini inkişaf etdirmək məqsədilə yaradılan akademiyanın ilk prezidenti İnqmar Berqman olub. 1996-cı ildə onu alman kinorejissoru Vim Venders əvəzləyib. Avropa Film Akademiyasının mənzil-qərargahı Berlində yerləşir. Yarandığı ildə qurumun Avropa “Oskar”ı kimi nəzərdə tutulan xüsusi mükafatı (Felix Awards) da təsis olunub. Hərçənd ötən müddətdə o, təsisçilərin umduğu kimi, Avropanın baş kino mükafatına çevrilməyib.
Avropa Film Akademiyasının saytında (europeanfilmacademy.org) yer alan məlumata görə, qurumun hazırda 4200-dən çox fərdi üzvü var. Buraya aktyorlar, rejissorlar və prodüserlərdən rəssam, səs rejissoru və qrimçiyədək kino sənətinin bütün peşəkarları daxildir.
Akademiyaya üzvlük iki yaş kateqoriyası (36 yaşadək – gənc və 36 yaş üstü) üzrə mümkündür. 36 yaşdan yuxarı kino xadiminin üzvlüyü üçün ən azı 3 tammetrajlı (70 dəq+) filminin olması və Avropa Film Akademiyasının iki üzvünün zəmanətini (yazılı şəkildə) alması lazımdır. Gənc üzvlər üçün şərt 1 tammetrajlı film və 1 zəmanət məktubudur. Üzvlük üçün ərizə forması (saytda verilib) doldurulur və baxıldıqdan sonra müvafiq qərar verilir. Avropa miqyaslı festivalların qalibləri avtomatik olaraq akademiyaya üzv qəbul olunurlar.
Avropa Film Akademiyasına üzvlük haqqı 36 yaşdan yuxarı olanlar üçün ildə 225 avro, gənc üzvlər üçün 100 avrodur.