İtaliyanın Turin şəhərində 10-14 may tarixində keçirilən “Avroviziya – 2022”nin ilk yarımfinal gecəsində 17 ölkənin təmsilçisi çıxış edib. Çıxışlardan sonra səsvermə keçirilib və ən çox səs toplayan 10 ölkə – Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistan finala yüksəlib.
“Avroviziya – 2022” mahnı müsabiqəsinin ikinci yarımfinal gecəsində (12 may – Bakı vaxtilə 13 may) 18 ölkə – Azərbaycan, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr, İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa, Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya, Çexiya təmsilçiləri səhnəyə çıxıblar.
Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade to black” (“Qaraya dön”) mahnısı ilə çıxış edib.
Turinin “PalaOlimpico” arenasında keçirilən 66-cı “Avroviziya” mahnı müsabiqəsinin hər iki yarımfinalından seçilən 20 ölkə, eləcə də Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya – ümumilikdə 25 ifaçı mayın 14-dən 15-nə keçən gecə finalda yarışacaqlar.
Qeyd edək ki, 40 ölkənin iştirak etdiyi 66-cı “Avroviziya” mahnı müsabiqəsi “The Sound of Beauty” (“Gözəlliyin səsi”) şüarı altında keçirilir.