300-dən çox namizəd arasından seçilən 18 finalçı məharətini göstərəcək

 

17 ildir sənətsevərlərə yüksək zövq verən, gənc muğam ifaçılarına yeni üfüqlər açan Muğam Televiziya Müsabiqəsi Azərbaycan tamaşaçı-dinləyicilərinin səbirsizliklə gözlədikləri musiqi yarışmalarındandır. Heydər Əliyev Fondunun dəstəyi ilə ilk müsabiqə 2005-ci ildə, dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illiyi münasibətilə təşkil olunub. Ötən müddətdə yeddi dəfə gerçəkləşən musiqi bayramı muğam ifaçılığı sənətinə neçə-neçə istedadlı adlar bəxş edib.

Mayın 10-da Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII Muğam Televiziya Müsabiqəsinin açılışı keçirildi. 

Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirə mədəniyyət və elm xadimləri, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri qatılmışdı.

Gecənin aparıcıları Mümtaz Xəlilzadə və Natəvan Osmanlı səhnəyə modelyer Gülnarə Xəlilovanın milli üslubda təqdim etdiyi geyimdə çıxdılar.

Diqqətə çatdırıldı ki, əsas müsabiqə üçün bu il 300-dən çox namizəd arasından 18 finalçı seçilib. Müsabiqə həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamları AzTV ilə canlı yayımlanacaq. Müsabiqənin sonrakı mərhələlərinin regionlarda da keçirilməsi planlaşdırılır.

Daha sonra 44 günlük Vətən müharibəsinin şəhid giziri, Xalq artisti Əlibaba Məmmədovun bəstəsi olan “Vətən yaxşıdır” təsnifini ifa edərək dillərdə dastana dönən Xudayar Yusifzadənin səsində videoçarx nümayiş etdirildi. Tamaşaçılar ayağa qalxaraq gecənin xüsusi qonaqları Vətən müharibəsi qazilərini alqışlarla salamladılar.

Sonra qısa konsert proqramı təqdim edildi. Xalq artistləri xanəndə Mənsum İbrahimov, tarzən Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara), klavesin ifaçısı Ceyhun Qurbanov, eləcə də Əməkdar artist, xanəndə Babək Niftəliyevin çıxışları alqışlarla qarşılandı.

İlk müsabiqədən münsiflər heyətində öz xeyir-duası və dəyərli tövsiyələri ilə gənclərə yol göstərən, bir neçə ay əvvəl dünyasını dəyişmiş görkəmli xanəndə, bəstəkar Əlibaba Məmmədovun ümummilli lider Heydər Əliyevlə söhbətləri və ifasından ibarət kadrlar da tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.

Münsiflər heyəti təqdim edildikdən sonra tarzən Rəşad İbrahimovun rəhbərlik etdiyi ansamblın müşayiəti ilə müsabiqə iştirakçılarının ifaları dinlənildi. Layihənin icraçısı yazıçı, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmidir. Münsiflər heyətində Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova yer alıb.

Muğam yarışmasının ilk günü 9 finalçı öz məharətini göstərdi. Münsiflər heyəti hər bir çıxışı diqqətlə təhlil edib müvafiq şərhlər, faydalı tövsiyələr verir və 10 ballıq sistem üzrə qiymətləndirirdi.

Müsabiqənin respublikanın regionları da daxil olmaqla 15 həftə ərzində keçirilməsi planlaşdırılır.

2003-ci ildə UNESCO tərəfindən dünya mədəni irs xəzinəsinin incilərindən biri elan edilən, 2008-ci ildə təşkilatın yeni təsis olunan “Qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahı”sına daxil edilmiş muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Muğam hər bir azərbaycanlının həyatına, demək olar ki, beşikdən daxil olur, onu bütün həyat yolu ilə müşayiət edir. Bu, ruhları saflaşdıran, yüksəldən, əsrlər boyu müşayiət olunan, uzaq keçmişdən bu günə və gələcəyə körpü olan muğam fenomenidir.

Xalqımızı muğamsız, muğamı Azərbaycansız təsəvvür etmək çətindir. Muğamın yeddi əsas tərzi var: “Rast” dinləyicidə şənlik və mərdlik hissi doğurur, “Şur” – şən, lirik əhval-ruhiyyə, “Segah” – sevgi hissi, “Şüştər” – dərin kədər, “Çahargah” – həyəcanlı hisslər, “Bayatı-Şiraz” – qəm, “Hümayun” – dərin acı, kədər. Muğamın sehrli melodiyaları xalqımızın ruhunu oxşayır, bəstəkarlar, yazıçılar, şairlər, rəssamlar, heykəltəraşlar onunla tükənməz ilham mənbəyi tapır.

Lalə Azəri