Əbülfəs Qarayev: “Əsas məqsədimiz Azərbaycanın turizm sahəsində regionun liderinə çevrilməsini təmin etməkdir”
   
   Sentyabrın 27-də Dünya Turizm Günü münasibətilə «Kempinski Badamdar» hotelində Mədəniyyət və Turizm Nazirliyinin geniş kollegiya iclası və ümumrespublika turizm konfransı keçirildi.
   
   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, müavinlər Ədalət Vəliyev, Sevda Məmmədəliyeva, Dövlət Miqrasiya Xidməti sədrinin birinci müavini Teymur Mehdiyev, Milli Məclisin deputatları, turizm qurumlarının, muzeylərin rəhbərləri, rayonların icra hakimiyyətlərinin nümayəndələri iştirak edirdilər.
   İclası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq tədbir iştirakçılarını Dünya Turizm Günü münasibətilə təbrik etdi və konfransın eyni zamanda Azərbaycanda yay turizm mövsümünün başa çatması münasibətilə keçirildiyini bildirdi. Nazir qeyd etdi ki, ölkəmizdə bu il ölkə başçısı tərəfindən «Turizm ili» elan edildiyi üçün bu tədbir xüsusi əhəmiyyət kəsb edir: «Dünya Turizm Günü dünyanın 165 ölkəsində qeyd edilir. Azərbaycan 2001-ci ildən Dünya Turizm Təşkilatının üzvüdür. 2011-ci ilin «Turizm ili» elan edilməsi Azərbaycanın turizm sənayesində çalışan insanların üzərinə böyük bir məsuliyyət qoyub. Bunun nəticəsidir ki, builki yay turizm mövsümünün uğurlu nəticələri haqqında danışa bilərik.
   Son illər ölkə prezidenti tərəfindən imzalanmış fərman və sərəncamlara uyğun olaraq respublikamızın hər tərəfində mədəniyyət və turizm layihələri həyata keçirilir. 2011-ci ilin 6 ayı ərzində ölkəmizə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb. İlin sonuna qədər yəqin ki, ölkəyə gələn turistlərin sayı 2 milyon 100 mini aşacaq. Biz qarşımıza məqsəd qoymuşduq ki, növbəti 5 ildə Azərbaycana gələn turistlərin sayı 3 milyondan artıq olsun. Artıq məqsədimizə demək olar ki, yaxınlaşmışıq. İndi bizim əsas işimiz beynəlxalq səviyyədə Azərbaycanın imicinin daha artırılması, ölkəmizin turizm sahəsində regionun liderinə çevrilməsini təmin etməkdir».
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev yay turizm mövsümünün yekunları ilə bağlı geniş məruzə ilə çıxış etdi. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, AZTA sədri Nahid Bağırov, BMT-nin İnkişaf Proqramının Azərbaycanda turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov, Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev və başqalarının məruzələri də tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
   Sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2011-ci il ərzində turizm sahəsində fəallığı ilə seçilən turizm şirkətləri, muzeylər və hotellərin rəhbərləri diplomla təltif edildi. Bakı Turizm İnformasiya Mərkəzi isə 2-ci Milli Turizm Mükafatının qaliblərini elan etdi.
   
   Əl sənətkarlığı
   nümunələri sərgisi
   
   Dünya Turizm Gününə həsr edilmiş daha bir tədbir Dənizkənarı Milli Parkda «Əl sənətkarlığı nümunələri sərgisi» idi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «Ziya art salon»un təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan milli mədəniyyət nümunələri nümayiş etdirilirdi. Burada milli səhnələr - Azərbaycan kənd həyatı, bəylərin evlərinin həyəti, milli geyimlərimiz, müxtəlif bölgələrdə və Bakıda olan sənətkarlarımızın əl işləri ziyarətçilərə təqdim olunurdu. Sərgiyə gələn qonaqlar xalqımızın milli mətbəxinə aid şirniyyatlardan dadır, rəqslərimiz və musiqimizlə yaxından tanış olmaq imkanı əldə edirdilər.
   Dünya Turizm Gününə həsr edilmiş tədbirlər Bakı Biznes Mərkəzində «Azerbaijan Explorer-Live Work Explore» və «Baku mini visitors,s guide» bələdçi kitablarının təqdimatı və ölkəmizin turizm sənayesi nümayəndələrinin iştirakı ilə keçirilən geniş ziyafətlə yekunlaşdı.
   
   Fəxriyyə Abdullayeva