“Şuşa İli” münasibətilə Dövlət Film Fondundakı sənədli filmlər rəqəmsal formata köçürülüb

 

Xəbər verdiyimiz kimi, “Şuşa İli” ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Tədbirlər planında Dövlət Film Fondunun (DFF) arxivində Şuşaya həsr edilmiş sənədli filmlərin və xroniki materialların bərpası və mədəniyyət paytaxtımızda nümayiş etdirilməsi də əksini tapıb. Bununla bağlı görülən işlər, eləcə də Şuşa mövzulu filmlər barədə məlumat almaq üçün DFF-yə müraciət etdik.

DFF-nin Kino-arxiv şöbəsinin müdiri Rəşad Qasımov bildirdi ki, burada qorunan Şuşa, eləcə də Qarabağla bağlı bütün filmlər bərpa olunaraq rəqəmsal formata köçürülüb və artıq nümayiş üçün hazır vəziyyətdədir.

Fondun arxivində “Şuşa”, “Natəvan”, “Bülbül”, “Qarabağ yollarında” və digər filmlər qorunur. Bu ekran əsərlərində Şuşa şəhəri və Qarabağın elimizin müxtəlif dövrlər üzrə görüntüləri yer alıb. Həmçinin bu filmlərdə Şuşanın tarixi Azərbaycan şəhəri olduğu və burada milli mədəniyyətimizin görkəmli simalarının yetişməsi haqqında ətraflı məlumatlar var.

İlk tanış olduğumuz ekran əsəri 1968-ci ildə rejissor Musa Bağırov tərəfindən lentə alınan “Bülbül” sənədli filmidir. İkihissəli filmdə ötən əsrin 60-cı illərinin Şuşasının əsrarəngiz gözəlliyini bu kadrlarda görə bilirik. Film xalqımızın sevimli sənətkarı, SSRİ Xalq artisti, Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli opera müğənnisi və musiqi folkloru tədqiqatçısı Bülbülün (1897-1961) anadan olmasının 70 illiyinə həsr edilib.

Film bizi müğənninin uşaqlıq illəri, onun boya-başa çatdığı musiqiçilər yurdu Şuşa şəhəri ilə tanış edir. Kadrlar bir-birini əvəzləyir. Budur, Bülbül Azərbaycan Dövlət Konservatoriyasının tələbəsidir. Avropa vokal mədəniyyətinin mərkəzi Milan şəhəri. Sevdiyi sənətin sirlərinə dərindən yiyələnən Bülbül burada təhsil alır.

Kadrlar böyük sənətkarın həyat və yaradıcılığının ayrı-ayrı mərhələlərini gözlər önündə canlandırır. Filmin ikinci hissəsində Bülbülün səhnə fəaliyyətindən danışılır. Burada şair Süleyman Rüstəm, bəstəkar Qara Qarayev, aktyor, rejissor İosif Tumanov, müğənni İvan Kozlovski Bülbül haqqında xatirələrini söyləyirlər. Filmin rejissoru Musa Bağırov, ssenari müəllifi Kərim Kərimov, operatoru Əlibala Ələkbərov, səs operatoru Şamil Kərimov, direktoru A.Manaflıdır.

Xocavənd rayonu ərazisindəki Azıx mağarasına həsr edilmiş “Divlər sarayı” elmi-kütləvi filmi də 1968-ci ildə rejissor Musa Bağırov tərəfindən çəkilib. Filmdə həmin dövrdə Azərbaycan arxeoloqları tərəfindən aşkar edilmiş Azıx mağaralarından bəhs olunur. Bu mağaralar öz böyüklüyünə və tarixi əhəmiyyətinə görə dünyada üçüncü, keçmiş SSRİ-də isə birinci böyük mağaradır. Filmdə deyilir ki, arxeoloji qazıntılar zamanı tapılmış nadir əşyalar və insan sümükləri 500-600 min il bundan qabaq həmin mağaralarda qədim insanların yaşadığını bir daha sübut edir. Əsrlərdən yadigar qalmış bu təbii mağaralar müasir və gələcək nəsillərə hələ çox sirr açacaq. Ssenari müəllifləri Məmmədəli Hüseynov, Fəraməz Şəfiyev, operatoru Faiq Qasımov, səs operatoru və musiqi tərtibatı Şamil Kərimov, filmin direktoru isə Tələt Rəhmanovdur.

“Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan daha bir ekran əsəri “Qarabağ yollarında” adlanır. Film bizə Qarabağ elinin gözəlliklərindən söhbət açır. 1968-ci ildə lentə alınan ekran işində Qarabağın əsrarəngiz təbiətindən, Bərdə, Şuşa, Xankəndi və Əsgəranın tarixi qala və abidələrindən danışılır. Qarabağı musiqisiz, musiqini isə Qarabağsız təsəvvür etmək çətindir. Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Qurban Pirimovun adları kimə tanış deyil? Xan qızı Natəvan, unudulmaz bəstəkarımız, dahi Üzeyir Hacıbəyli və sevimli müğənnimiz Bülbül də bu səfalı elin övladlarıdır. Filmdə qeyd olunur ki, hər obada, hər evdə musiqi sədaları ətrafa yayılır, saf sular kimi axıb min-min ürəyi fəth edir...

Ekranda diktorun səsi eşidilir: “Qarabağa əlvida demək çətindir. Çünki Qarabağdan ayrılmaq mümkün deyil, çünki Qarabağ həmişə ürəklərdədir, onun füsunkar təbiəti, zəngin tarixi, möhtəşəm bu günü bizimdir...”.

Yarım əsr əvvəl lentə alınan filmdə səslənən bu fikirlər tamaşaçını kövrəltməyə bilməz. Tarixin səhifələrinə səyahət etdikdə 1960-cı illərin əvvəllərində  ermənilərin Qarabağa və Naxçıvana qarşı iddiaları yenidən baş qaldırmışdı. “Qarabağ tarixi” nəşrində oxuyuruq ki, 1963-cü ildə Sov.İKP MK-nın Birinci katibi Nikita Xruşşova Qarabağdan, ona bitişik və erməni əhalisi olan digər rayonlarımızdan 2500-ə yaxın erməninin imzaladığı etiraz məktubu göndərilib. İmzalayanlar Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsini tələb edirdilər. 1965-ci ildə isə “Erməni Gənclər İttifaqı” adlı gizli fəaliyyət göstərən təşkilat və Xankəndi orta məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan bir qrup Qarabağ və Naxçıvan da daxil olmaqla, “bütün “erməni” ərazilərinin birləşməsi”nə dair çağırışların yer aldığı vərəqələr yayırdı. 1966-cı ilin avqustunda Sov.İKP MK-nın yeni Birinci katibi Leonid Brejnevə 2000-ə yaxın erməni “ziyalı”sının imzaladığı məktub göndərilmişdi. Məktubda Qarabağın “ərazi nöqteyi-nəzərindən və milli tərkibinə görə, xüsusiyyətlərinə, mənəviyyatına və məişətinə görə” yaxın olduğu Ermənistana birləşdirilməsi çağırışı yer almışdı...

Həmin vaxt Azərbaycan SSR DTK-nın sədr müavini vəzifəsində çalışan ulu öndər Heydər Əliyev sonralar həmin illəri belə xatırlayırdı: “Yadımdadır, ya 1966-cı, ya da 1967-ci il idi, Moskva tərəfindən qərar qəbul olundu. Həmin vaxt Vəli Axundov məni yanına çağırtdırdı. Bu, Sov.İKP MK-nın qərarı idi; yazırdılar ki, Azərbaycan KP MK-ya, yəni Axundova və Ermənistan KP MK-ya, yəni Koçinyana bu məsələni müzakirə etmələri və məruzə etmələri tapşırılsın. Bu nə demək idi? Bu o demək idi ki, Azərbaycan məsələsini həll etmək Ermənistana tapşırılır... Mən ona dedim ki, bu məsələni Moskvada Brejnevlə müzakirə etmək daha yaxşı olardı. O, gedib bunu Brejnevə izah etdi və Brejnev qərarı ləğv etdi...”.

Bədnam qonşularımız 90-cı illərin əvvəllərində əzəli yurd yerlərimizi işğal etməklə xain istəklərinə nail olduqlarını düşünürdülər. Ancaq 30 ildən sonra şanlı Azərbaycan Ordusu dəmir yumruğa çevrilib erməni vandallarının başını əzdi, yurdumuzu düşməndən azad etdi. Bu gün biz Qarabağ yollarında, Qarabağın özündəyik, Şuşadayıq. Minillik mədəniyyətimizi yenidən əzəli məkanına qaytarırıq...

Filmin rejissor və operatoru Əlibala Ələkbərov, ssenari müəllifi Məmməd Mərdanov, səs operatoru Şamil Kərimov, direktoru A.Şuşkindir.

1976-cı ildə “Azərbaycanfilm”də lentə alınan “Üzeyir Hacıbəyov” sənədli filmi ağ-qara variantdadır. Film Azərbaycan və rus dillərində çəkilib. Rus varinatı 1977-ci ildə işlənib hazırlanıb. Xalq artisti, rejissor Xamis Muradov tərəfindən lentə alınan filmdə Azərbaycan xalqının görkəmli sənətkarı, milli operamızın banisi, istedadlı bəstəkar, jurnalist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, əsərlərinin səhnə təcəssümündən, onun ev-muzeyindən söhbət açılır. Ssenari müəllifi Kərim Kərimov, səs operatoru isə Şamil Kərimovdur.

“Azərbaycanfilm” Kinostudiyasında bir sıra bədii və sənədli filmlərə quruluş verən Əməkdar incəsənət xadimi, rejissor Nicat Bəkirzadənin “Şuşa” adlı sənədli filmi 1978-ci ildə lentə alınıb. Bu rəngli filmdə Azərbaycanın ən gözəl guşələrindən olan Şuşa şəhərinin qədim tarixindən, həmin dövrdəki həyatından, dağlar diyarının təkrarolunmaz təbiətindən danışılır.

Filmin ssenari müəllifi Məmməd İsmayıl, operatoru Ələsgər Ələkbərov, Vladimir Dmitriyevski, səs operatoru Akif Nuriyev, redaktoru Vaqif Məmmədov, direktoru Xanlar Cəfərovdur.

Ta qədim zamanlardan heyvandarlıqla məşğul olan babalarımız qışı aranda, yayı yaylaqda keçirərdilər. İndi də bir sıra bölgələrimizdə bu ənənə davam etdirilir. Elə ki, yaz gəldi respublikamızın dağ bölgələrinin yolları qoyun sürüləri ilə dolur, sonra da tezliklə çəkilib uzaqlaşır. Əlbəttə, köçün də öz ənənələri, qayda-qanunları var.

1983-cü ildə lentə alınan “Köç” sənədli filmində maraqlı mənzərənin şahidi oluruq. Dağlar qoynu, gözəl təbiət insani valeh edir. Filmdə tamaşaçılar Jdanov (indiki Beyləqan), Laçın və başqa dağlıq bölgələrdə çobanların həyatı ilə tanış olurlar. Rejissor Zaur Məhərrəmovun filmi 2003-cü ildə keçirilən “Bizim naməlum kino – 2” festival-müsabiqəsində rejissor işinə görə mükafata layiq görülüb. Ssenari müəllifi Vidadi Paşayev, səs operatoru Akif Nuriyev, redaktoru Eldəniz Quliyev, direktoru Xanlar Cəfərovdur.

“Natəvan” filmi isə 1982-ci ildə lentə alınıb. Rejissoru Xamis Muradov, ssenari müəllifi Məmməd Araz, operatoru Vladimir Konyagin, səs operatoru Şamil Kərimov, redaktoru Azər Əbilov olan film görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın (1832-1897) 150 illik yubileyi münasibətilə çəkilib. Kinolentdə şairin ədəbi yaradıcılığı ilə yanaşı, nəinki Azərbaycanda, eləcə də bir sıra Şərq ölkələrində böyük şöhrət qazanmış əlvan naxışlı əl işləri, zərif butalı tikişləri, rəsmləri, fransız yazıçısı Aleksandr (ata) Dümanın ona bağışladığı fil sümüyündən şahmat fiqurları, dağlardan Şuşaya çəkdirdiyi içməli su xətti öz əksini tapıb.

Hər bir film haqqında məlumat əldə etməyimizə yaratdıqları şəraitə görə DFF-nin əməkdaşları Rəşad Qasımova və Babək Abbaszadəyə təşəkkürümüzü bildiririk.

***

Sonda isə adlarını çəkdiyimiz filmlərdən bir neçəsinin rejissoru olmuş Əməkdar incəsənət xadimi, professor Musa Bağırov haqqında bir neçə kəlmə.

Uzun illər “Azərbaycanfilm”də və “Ekran” yaradıcılıq birliyində çalışan M.Bağırov 50-dən artıq sənədli filmə quruluş verib. O, 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya kafedrasının müdiri təyin edilib. 1997-ci ildə həmin kafedranın bazasında Televiziya rejissorluğu və Kinorejissorluq və operator sənəti kafedraları yaradılıb. Televiziya rejissorluğu kafedrasına rəhbərlik edən M.Bağırov eyni zamanda general Həzi Aslanovla bağlı araşdırmaların müəllifidir, “Generalın yolu” (1988), “Sərkərdənin taleyi” (1999) kitablarını çap etdirib. 2010-cu ildə öz şəxsi kitabxanasını Dövlət Film Fonduna hədiyyə edib.

Bu il mayın 10-da 90 yaşı tamam olan Musa Bağırov elə həmin gün dünyadan köçüb. Həzi Aslanov haqqında iki filmin və iki kitabın müəllifi olan rejissor generalın ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsinin əsas səbəbkarlarındandır. O, ömrünün 25 ilini bu işə sərf edib, Belarus, Rusiya və Ukraynada tədqiqatlar aparıb. Nəhayət, SSRİ-nin mövcud olduğu son ildə (1991) bu məqsədinə – cəsur generalın ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını almasına nail olub...

Lalə Azəri